Çempionlar Liqası: 1/4 finala ilk 2 vəsiqənin sahibləri bəlli olur

9-03-2021, 08:10           
Çempionlar Liqası: 1/4 finala ilk 2 vəsiqənin sahibləri bəlli olur
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 2 cavab görüşü keçiriləcək. "Report"un məlumatına görə, qarşılaşmalar İtaliya və Almaniyada təşkil olunacaq.

"Yuventus" Turindəki "Alyans" stadionunda Portuqaliya "Portu"sunu qəbul edəcək. Bu komandalar arasındakı ilk oyun "Portu"nun qələbəsi ilə yekunlaşıb - 2:1. İtaliya təmsilçisinə mərhələ adlamaq üçün minimal hesabla qalib gəlmək də yetərlidir.

"Yuventus"dan Danilo cəzalı, Rodriqo Bentankur və Paulo Dibala zədəlidir, tam sağalmayan Corco Kyellini və Arturun meydana çıxması sual altındadır. "Portu"da isə Şansel Mbemba-Manqulu oynamaya bilər. Görüş niderlandlı referi Byorn Keypersə həvalə olunub.

Digər matç Dortmunddakı "Siqnal İduna Park"da "Borussiya" ilə İspaniya "Sevilya"sı arasında olacaq. Oyunu türkiyəli referi Cüneyt Çakır idarə edəcək. İlk görüşdə "Borussiya" 3:2 hesablı səfər qələbəsi qazandığı üçün növbəti mərhələyə vəsiqə baxımından daha şanslı görünür. Komandaların heyətlərində cəzalı və zədəli futbolçu yoxdur.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
Cavab görüşləri

9 mart
24:00. "Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya)
İlk oyun - 1:2

24:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya)
İlk oyun - 3:2

Qeyd edək ki, 1/8 final mərhələsinin daha 2 cavab görüşü 10 martda, qalan 4 matçı isə 16-17 martda olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru