Mahir Emreli: "Mixneviçlə rusca danışırıq"

7-07-2021, 00:07           
Mahir Emreli:
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya” klubuna transferi və hədəfləri barədə danışıb.

Fanat.Az xəbər verir ki, 24 yaşlı hücumçu "Super Ekspress” nəşrinə açıqlamasında bunları söyləyib:

"Varşavaya gəldiyim ilk gündən elə təəssürat yaranıb ki, hər şey yolunda gedəcək. Sanki, illərdir buradayam. Bəlkə də "Legiya"da uğurlu starta məhz bu amil səbəb olub. Baş məşqçi Çeslav Mixneviçlə də ünsiyyət qurmaqda çətinlik çəkmirəm. Öz aramızda rus dilində danışırıq. Bu da işimi asanlaşdırır. Düşünürəm ki, yaxşı çıxış etməyimdə bunun da rolu var. Amma yoxlama matçları rəsmi görüşlərdən fərqlənir. Ona görə də əvvəlki oyunları unutmalıyıq”.

Emreli Norveçin "Bude-Qlimt" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa da toxunub:

"Əslində əsas hazırlığımız avrokubokla bağlı idi. Yoxlama matçlarında sərgilədiyimiz oyunu qarşıdakı görüşdə göstərməliyik. "Bude-Qlimt" sürətli və dinamik komandadır. Topa nəzarət etməyi və əks-hücumlara çıxmağı xoşlayırlar. Norveç çempionu olubsa, deməli, yaxşı kollektivdir".

Forvardın sözlərinə görə, "Legiya" uğur qazanmaq istəyirsə, heç bir rəqibdən çəkinməməlidir: "Düzdür, rəqib güclüdür. Ötən mövsüm böyük üstünlüklə çempion olublar, çoxlu qol vurublar. Amma "Legiya" da güclüdür. Avropa çempionatı da göstərdi ki, istənilən komanda ilə mübarizə aparmaq olar. İsveçrənin nələr etdiyini, Fransa və Almaniya kimi favoritlərin erkən vidalaşdığı turnirdə Danimarkanın necə qələbələr qazandığını görmək kifayətdir".

Qeyd edək ki, "Bude-Qlimt" - "Legiya" matçı iyulun 7-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru