Barış Şimşek portuqaliyalı referi ilə bağlı "Qarabağ"a xəbərdarlıq edib

23-08-2022, 00:08           
Barış Şimşek portuqaliyalı referi ilə bağlı "Qarabağ"a xəbərdarlıq edib
"Qarabağ" bura kimi çox yaxşı gəlib".

Bunu AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində "Qarabağ"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Türkiyəli mütəxəssis bildirib ki, Bakıdakı ilk matçda qeydə alınmış qolsuz heç-heçə yaxşı nəticədir: "Yeni qaydalara görə, səfər qolu ləğv olunub. Azərbaycan çempionunun şansının yüksək olduğunu düşünürəm".

Şimşek cavab görüşünün baş hakimi Artur Diaşla şəxsi tanışlığının olduğunu söyləyib. Onun sözlərinə görə, portuqaliyalı referi təcrübəli olduğu qədər, həm də aqressivdir: "Ümumiyyətlə, İspaniya və Portuqaliyadan olan hakimlər çox asanlıqla sarı vərəqə göstərir. "Qarabağ" bu mənada diqqətli olmalıdır. Düzdür, oynamağa imkan yaradır, amma sərt oyuna və etiraza dərhal reaksiya verir. İstənilən halda, "Qarabağ" hakimliklə bağlı ürəyini buz kimi saxlamalıdır".

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.