Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

29-08-2022, 11:58           
Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib
Qazaxıstan yığmasının əslən azərbaycanlı ağırlıqqaldıranı Nicat Rəhimov və Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) bir-birinə qarşı iddia qaldırıb.

"Report"un məlumatına görə, məsələyə sentyabrın 22-də İdman Arbitraj Məhkəməsində (CAS) baxılacaq.

29 yaşlı idmançı dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinib. Beynəlxalq Test Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ilə bağlı ittiham irəli sürüb.

CAS isə bu il martın 22-də onu 8 il müddətinə bütün yarışlardan kənarlaşdırıb. Onun 15 mart 2016-cı ildən 18 yanvar 2021-ci ilədək göstərdiyi bütün nəticələr ləğv olunub. Nəticədə Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 77 kq çəki dərəcəsində qazandığı qızıl medaldan məhrum edilib. Uzunmüddətli cəza ötən ilin 18 yanvarından hesablanmağa başlayıb.

Qərardan narazı qalan ağırlıqqaldıran IWF-ni cəzanın təşəbbüskarı sayaraq, CAS-a şikayət edib. Öz növbəsində, IWF onu məhkəməyə verib.

Qeyd edək ki, Nicat Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya, 2016-cı ildə isə olimpiya çempionu olub. Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru