Yay transfer pəncərəsinin son günü: “Yuventus”un oyunçusu “Liverpul”da - YENİLƏNİB + FOTO

2-09-2022, 08:42           
Yay transfer pəncərəsinin son günü: “Yuventus”un oyunçusu “Liverpul”da - YENİLƏNİB + FOTO
“Yuventus”un yarımmüdafiəçisi Artur Melo karyerasını İngiltərədə davam etdirəcək.

“Liverpul” rəsmi saytında 26 yaşlı braziliyalının gələn yaya qədər icarəyə götürüldüyünü açıqlayıb.
İcarə müqaviləsində müddət bitdikdən sonra oyunçunun alınması ilə bağlı bənd yoxdur. Məlumata görə, “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp heyət çatışmazlığına görə yarımmüdafiə xəttini gücləndirmək istəyir.

Qeyd edək ki, A Seriyasının bu mövsümündə Artur heç bir oyun keçirməyib.

21:51

“Benfika” PSJ-nin yarımmüdafiəçisi Yulian Draksleri icarəyə götürdüyünü açıqlayıb.

Lissabon klubunun mətbuat xidmətindən verilən məlumata görə, 28 yaşlı almaniyalı ilə imzalanan icarə müqaviləsi 2022/23 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Futbolçu komandada 93-cü nömrə altında çıxış edəcək.

Qeyd edək ki, Draksler ötən mövsüm Paris klubunda bütün turnirlərdə 24 oyuna 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədər qüvvədədir.
Mənbə: sport-express.ru

21:17

“Fulhem” yarımmüdafiəçi Villianla bir illik müqavilə imzalayıb.

Avqustun 12-də Villianın “Korintians”la müqaviləsi başa şatıb və o, azad agent statusu alıb. 34 yaşlı braziliyalı klub azarkeşləri ilə anlaşa bilməyib.

2013-cü ildən 2020-ci ilə qədər futbolçu “Çelsi”də oynayıb, bundan sonra daha bir ili “Arsenal”da keçirib, daha sonra isə “Korintians”a yollanıb.

Ötən mövsüm Villian “Korintians”ın heyətində 36 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mənbə: sport-express.ru

19:02

Artıq yay transfer pəncərəsin son günü olduğundan futbol aləmi bir-birindən maraqlı keçid xəbərlərilə çalxalanır.

AS nəşrinin məlumatına görə, “Çelsi” hücumçu Memfis Depay üçün “Barselona”ya təklif göndərib. 28 yaşlı niderlandlının London klubuna keçidi kifayət qədər real hesab olunur.

Bildirilib ki, katalon klubunun rəhbərliyi hücumçunun transferinə yaxın saatlarda qərar verəcək.

Qeyd edək ki, bu mövsüm Depay kataloniyalıların heyətində heç bir matçda iştirak etməyib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

İngiltərə Premyer Liqasında yay transfer pəncərəsi sentyabrın 1-dən 2-nə keçən gecə Bakı vaxtı ilə saat 02.00-da bağlanacaq.

Jurnalist Marti Miras “Twitter” hesabında yazır ki, “Real”ın (Madrid) keçmiş müdafiəçisi Marselo “Lester Siti” ilə bir illik müqavilə imzalamağa yaxındır. Müdafiəçi Kral klubu ilə müqaviləsi bitdikdən sonra azad agent statusundadır.

O, komandanın tarixində ən çox mükafat alan futbolçudur. Braziliyalı “Real”la 25 kubok qazanıb. Futbolçu 2007-2022-ci illərdə Madrid klubunda çıxış edib.

18:11

Hektor Bellerin Londonun “Arsenal” klubu ilə müqaviləsini ləğv etmək üçün razılığa gəlib. Tezliklə o, azad agent statusunda Kataloniyanın “Barselona” klubunun futbolçusu olacaq.

Bu barədə idman jurnalisti Fabrisio Romano məlumat verib.

Bildirilir ki, ispaniyalının hazırkı müqaviləsinin bitməsinə hələ bir il qalıb.

Qeyd edək ki, doğma klubu “Barselona” olan Hektor dünyanın ən sürətli atleti olan Useyn Boltu duelə çağırmışdı.
Bundan başqa “Barselona”nın hücumçusu Martin Breytueyt də klubunu dəyişəcək.

İnsayder Fabrisio Romanonun sözlərinə görə, 31 yaşlı danimarkalı futbolçu karyerasını “Espanyol”da davam etdirəcək.

Futbolçu artıq “Espanyol”da tibbi müayinədən uğurla keçib. İndi “Barça” ilə müqaviləni ləğv etməlidir, bundan sonra azad agent kimi yeni klubuna keçə biləcək.

Braytueyt “Barselona”ya 2020-ci ilin fevralında keçib. O vaxtdan bəri hücumçu 57 matçda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Barsa” bu gün Obameyanqla da yollarını ayırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.