“Qarabağ”a gələn hücumçunu “göyə qaldırdı”: “Azərbaycanda “Qızıl buts” qazanacaq”
11-02-2023, 11:05
“Əminəm ki, mən Albaniyada, Cica isə Azərbaycanda “Qızıl buts” qazanacaq”.
Bunu “Tirana”nın futbolçusu Florent Hasani “Qarabağ”a transfer olunan keçmiş komanda yoldaşı Redon Cica barədə danışarkən deyib.
Hazırda Albaniya çempionatında 9 qolla bombardirlər yarışında üçüncü pillədə qərarlaşan Kosovo millisinin hücumçusu “Oversport”a açıqlamasında 11 topla siyahıya başçılıq edən Cicanı keçəcəyinə arxayındır:
“Redon çempionatın bombardiri olmağıma inam verdi. Amma ilk hədəfim “Tirana” ilə Albaniya çempionu olmaqdır.
Cica üçün çox darıxırıq. O, yüksək səviyyəli futbolçudur. İnanıram ki, yeni komandası “Qarabağ”da çoxlu qollar vuracaq”.
Redon Cica qış transfer dönəmində “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.