Avro-2016: Fransa, Almaniya və Belçika 1/4-də - yenilənib

27-06-2016, 08:08           

Günün son oyununda Macarıstan və Belçika milliləri üz-üzə gəlib. Oyun Belçika yığmasının 4-0 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Alderveyreld, 10 (0:1), Miçu Batşuayi, 78 (0:2), Eden Azar, 80 (0:3), Yannik Ferreyra-Karrasco 90 (0-4)


1/4 finalda Belçika Uels yığması ilə qarşılaşacaq.

***

Günün ikinci görüşündə yarışın favoritlərindən sayılan Almaniya millisi Slovakiya ilə qarşılaşıb. Oyun gözlənildiyi kimi almanların qələbəsi ilə başa çatıb – 3:0. Yoahim Lövün komandası 1/4 finala yüksəlib.

Qol: Boatenq, 8, Qomez, 43, Draksler, 63

Almaniyanın 1/4 finalda rəqibi İtaliya-İspaniya oynunun qalibi olacaq.

***

İyunun 26-da futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsinin ikinci gününün ilk oyunu Fransa və İrlandiya yığma komandaları arasında keçirilib.

Lion şəhər stadionunda oynanılan görüşü italiyalı referi Nikola Rizzoli idarə edib.

Azarkeşlər oyunda erkən qolun şahidi olublar. Gözlənildiyinin əksinə olaraq, hesabı Fransa yığması deyil, İrlandiya millisi açıb. İrlandiyalıların hücumunun qarşısını kobudluqla alan fransızların qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. İtaliya ilə görüşdə vacib qolu vuraraq İrlandiya yığmasını səkkizdəbir final mərhələsinə çıxaran Robert Breydi komandasını bu dəfə də dəqiq zərbə ilə sevindirib – 1:0. Oyunun birinci hissəsi İrlandiya yığmasının 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, Robert Breydinin qolu Avropa çempionatları tarixində ən erkən ikinci qol olub. Qitə birincilikləri tarixində ən erkən qolu 2004-cü il iyunun 20-də Rusiya millisinin futbolçusu Dmitri Kiriçenko Yunanıstan ilə matçın 67-ci saniyəsində rəqib komandanın qapısına vurub.

Fasilədən sonra hesabı bərabərləşdirmək üçün irəli atılan fransızlar matçın 58-ci dəqiqəsində istəklərinə çatıblar. Bakari Sanyanın sağ cinahdan ötürməsindən sonra Antuan Qrizman dəqiq baş zərbəsi ilə oyunda tarazlığı bərpa edib – 1:1.

Üç dəqiqə sonra fransızlar hesabda irəli çıxıblar. Adil Raminin mərkəzdən ötürməsindən sonra Oliver Jiru topu başla Qrizmana göndərərək onu zərbə mövqeyinə çıxarıb. Sonuncu isə topu soyuqqanlılıqla ram etdikdən sonra qapını dəqiq nişan alaraq dublunu rəsmiləşdirib – 2:1.

Matçın 65-ci dəqiqəsində irlandiyalılar meydanda sayca azlıqda qalıblar. Qrizmana qarşı kobud oyuna görə Şeyn Daffi qırmızı vərəqə ilə cəzalandırılıb.

Qalan dəqiqələrdə oyunda hesab dəyişməyib və qarşılaşma Fransa yığmasının qələbəsi ilə başa çatıb.

Beləliklə, İrlandiyanı 2:1 hesabı ilə məğlub edən Fransa millisi dörddəbir finala vəsiqə qazanıb. Fransızlar dörddəbir finalda İngiltərə-İslandiya qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.(AzərTAc)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.