Azərbaycan millisinin bütün lisenziyaları ləğv olundu
29-06-2016, 13:20
Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Rio Yay Olimpiya Oyunlarına yollanmaq şansını itirib.
Buna Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) komandamızın bütün lisenziyalarını ləğv etməsi səbəb olub.
IWF az öncə 1 kişi, həmçinin “wild card”a ümid etdiyimiz, lakin rəsmən almadığımız 1 qadın idmançımızın vəsiqəsini ləğv etmişdi. Buna səbəb isə Hyustonda keçirilən dünya çempionatı zamanı 6 ağırlıqqaldıran – Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov, Dadaş Dadaşbəyli və İntiqam Zairovun qanından götürülən analizin müsbət nəticə verməsi idi. Diskvalifikasiyaya məruz qaldıqlarından onların 2015-ci il dünya çempionatında topladığı xallar da millimizin hesabından silinib.
Nəticədə 2 dünya çempionatının yekununa əsasən 135 xalla 16-cı yerdə olan komandamız 31-ci pilləyə enib. Yığmamızın hesabından isə 83 xal çıxılıb. Bu da o deməkdi ki, ağırlıqqaldıranlarımızın Rio arzuları puç olub.
Millimizin son 2 dünya çempionatındakı çıxışının nəticəsinə əsasən 4 lisenziya ilə Olimpiadaya yollanması gözlənilsə də, yekunda 1 atletimiz belə Braziliyaya getməyəcək.
Bununla, indiyədək Rioya 56 lisenziya qazanan Azərbaycan yığmasının daha 3 lisenziyası əlindən alınıb.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi iyulun 9-da keçirəcəyi iclasda London-2012-də orqanizmindən götürülən analizin təkrar yoxlanışı zamanı müsbət nəticə verən Boyanka Kostova ilə bağlı da qərarını açıqlayacaq. /Apasport.az