''Trabzonspor'' - ''Fənərbaxça'' oyununa təcrübəsiz hakim təyin edildi
1-11-2024, 11:34
Türkiyə çempionatında həftəsonu baş tutacaq 11-ci turun oyunlarının hakim təyinatları açıqlanıb.
Maraqlıdı ki, ötən həftə ''Qalatasaray'' - ''Beşiktaş'' derbisindəki idarəçiliyi müzakirələrə səbəb olan Arda Kardeşlerə bu həftə oyun verilməyib. Turun əsas oyunu barışmaz rəqiblər - ''Trabzonspor''la ''Fənərbaxça''nın dueli olacaq. Bu görüş bazar günü Trabzonda keçiriləcək. Bölgə Təhlükəsizlik Komitəsinin qərarı ilə ''Fənər'' fanatları stadiona buraxılmayacaq. Hərçənd bu qərar heç kim üçün sürpriz olmadı.
Türkiyədə nəhəng klubların öz aralarındakı oyunlarında rəqib azarkeşlərin stadiona buraxılmamasına çox tez-tez rast gəlinir. Özü də nəzərə alaq ki, ötən mövsüm bu komandalar arasında Trabzondakı qarşılaşmada hələ ''Fənər'' fanatları olmaya-olmaya dava düşmüşdü. Yerli fanatlar final fitindən sonra ''Fənər''in üzvlərinə hücum etmişdilər. Qəribədi ki, Türkiyə Futbol Federasiyası bu cür prinsipial qarşılaşmaya təcrübəsiz bir hakim göndərmək qərarına gəlib. Belə ki, oyunu Oğuzhan Çakır idarə edəcək. Cəmi 26 yaşı olan Çakır ötən mövsümdən, daha dəqiq desək, bu ilin yanvarından etibarən superliqa oyunlarına təyinat almağa başlayıb. O indiyə qədər 6-sı ötən mövsüm, 6-sı bu mövsüm olmaqla elitada 12 oyunda fit sahibi olub. Çakır indiyə qədər ''Trabzonspor'' və ''Fənərbaxça''nın heç bir oyununda hakim olmayıb.
Yəni o ilk dəfə bu klubların iştirakı ilə keçirilən qarşılaşmaya təyinat alıb. Gənc hakim nəhəng komandanın iştirakı ilə olan yalnız bir oyun idarə edib. ''Qalatasaray''ın bir neçə tur öncə ''Kasımpaşa'' ilə evdə 3:3 bərabərə qaldığı oyunda fit sahibi məhz Çakır idi.