Traktor klubunun icraçı direktoru İran Futbol Federasiyasından irqçi şüarlara qarşı tədbir görülməsini tələb edib

Dünən, 16:38           
Traktor klubunun icraçı direktoru İran Futbol Federasiyasından irqçi şüarlara qarşı tədbir görülməsini tələb edib
Traktor klubunun icraçı direktoru Səid Müzəffərizadə klubun rəsmi mediasına verdiyi müsahibədə Tehranın Azadi stadionunda komandanın Persepolis ilə keçirdiyi son oyun zamanı baş verən hadisələrin ciddi şəkildə izləniləcəyini bildirib.

Səid Müzəffərizadə qeyd edib ki, "irqçi şüarların və etnik təhqirlərin heç bir izahı yoxdur və biz bu məsələdə heç bir güzəşti qəbul etməyəcəyik." O, klubun İran Futbol Federasiyasının İntizam Komitəsinə və Futbol Liqası Təşkilatına etdiyi şikayətlə bağlı danışaraq, "bir və ya iki oyunluq cəzanın" bu problemi həll etmək üçün yetərli olmadığını vurğulayıb və federasiyanın "bu problemi birdəfəlik həll etməli və əsaslı tədbirlər görməlii" olduğunu bildirib.

Müzəffərizadə irqçi şüarlar və etnik təhqirlərlə bağlı mübarizə aparmaq üçün məsul şəxslərin qəti addımlar atmalı olduğunu vurğulayıb. O əgər daxili qurumlardan nəticə əldə olunmasa, məsələnin FİFA səviyyəsinə qaldırılacağını açıqlayıb. O, əlavə edib ki, "FİFA bu məsələdə tam gücə və vasitələrə malikdir və asanlıqla bu problemi kökündən həll edə bilər."

Traktor klubu Azadi stadionundakı hadisələrlə bağlı bəyanat verib
Traktor klubunun icraçı direktoru ölkədə ayrı-seçkilik və ikili standartlar məsələsinə də toxunaraq, ATA Hava Yollarının hava limanında türkcə qarşılama ilə bağlı baş verən hadisələrə diqqət çəkib: "Qəribədir ki, bir müddət əvvəl bəzi şəxslər ATA Hava Yollarını ölkəmizin türk dilindəki qarşılamasına görə 'pantürk' adlandırırdılar. Lakin indi eyni şəxslər milli televiziyanın aparıcısının tehranlı klubun yeni baş məşqçisini [İsmail Kartal] xarici dildə salamlamasına göz yumurlar. Belə davranışlar düşmənin işinə yarayır və bu şəxslər ya bilərəkdən, ya da bilməyərəkdən milli birliyi və həmrəyliyi hədəf alırlar."
Müzəffərizadənin bu sözləri Traktor klubunun sahibi Məhəmmədrza Zunuziyə məxsus ATA Hava Yollarının Təbrizlə əlaqəli reyslərdə türkcə qarşılama anonslarına görə bəzi media və siyasi dairələr tərəfindən tənqid olunmasına işarədir. Bu dairələr bu davranışı ölkə qanunlarına zidd hesab edərək, şirkəti və şəxsən Zunuzini hədəf almışdılar.

Traktor klubunun icraçı direktoru ölkənin mediasını da tənqid edərək, "tehranlı komandanın tərəfdarlarının irqçi şüarları və etnik təhqirlərinə" münasibət bildirmədiyini qeyd edib. O, media nümayəndələrini ikili standartlara görə qınayıb.

Səid Müzəffərizadə əlavə edib ki, bütün lazımi sənədlər toplanıb və məsələnin ilk növbədə daxili qurumlar vasitəsilə həll edilməsinə çalışılacaq. O, nəticənin bir həftə və ya 10 gün ərzində əldə ediləcəyini gözlədiklərini bildirib. Əgər bu müddətdə nəticə əldə olunmasa və ya məsələ ilə bağlı gecikmələr baş verərsə, klub şikayətini FİFA və beynəlxalq qurumlar vasitəsilə davam etdirəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.