"Traktor"un rəqib komandası "türkdilli" hakim təyinatına etiraz edib
Bu gün, 15:14
"Traktor"un qarşıdakı oyunda rəqibi olan komanda İran Premyer Liqasında keçiriləcək matç üçün təyin olunan baş hakimin “türkdilli” olması səbəbilə hakim təyinatına rəsmi məktubla etiraz edib.
İranın populyar idman saytı "Varzesh 3" də daxil olmaqla, bir neçə media orqanında yayımlanan məktuba görə, turnir cədvəlinin son pillələrində yer alan və "Traktor"a qarşı mühüm oyuna çıxacaq "Havadar" klubunun rəhbərliyi hakim təyinatına, xüsusilə də baş hakim seçiminə etiraz edib.
Bu klubun Hakimlər Komitəsinin sədrinə ünvanladığı etiraz məktubunda Soad Vəfapişə adlı baş hakimin "Traktor" – "Havadar" matçına təyin edilməsinin “təəccüb doğurduğu” bildirilib.
Məktubda həmçinin baş hakimin "Qərbi Azərbaycan vilayətində, rəqib komandasına qonşu şəhər olan Urmiyədə doğulub böyüməsi və türkdilli olması", eləcə də oyunda VAR sisteminin tətbiq edilməməsi tənqid olunaraq, bu məsələlərin yenidən nəzərdən keçirilməsi tələb olunub.
Yanvarın 26-da "Traktor" komandası Tehranda Azadi stadionunda keçirilən oyunda "Persepolis" komandasına məğlub olaraq turnir cədvəlindəki liderliyini itirib və ikinci yerə enib. Hazırda İsfahanın "Sepahan" komandası çempionluq yarışında ilk pilləyə yüksəlib.
Tehranda keçirilən bu oyun zamanı baş verən hadisələr, xüsusilə də azarkeşlərin davranışları mübahisələrə səbəb olub və geniş müzakirə mövzusuna çevrilib.
Matçın ardından "Traktor" klubu rəsmi bəyanat yayaraq, Azadi stadionunda baş verən irqçi şüarlara etiraz edib və bu məsələyə qarşı tədbir görülməsini tələb edib.
"Traktor" klubunun icraçı direktoru Səid Müzəffərizadə də açıqlama verərək, oyun zamanı baş verən hadisələrlə bağlı toplanan sənədlərin İran Futbol Federasiyasının İntizam Komitəsinə təqdim olunduğunu bildirib. O əlavə edib ki, əgər federasiya bu məsələyə lazımi diqqət göstərməsə, klub məsələni FIFA-ya daşıyacaq.
İndi isə "Traktor" üçün qarşıdakı oyun böyük önəm daşıyır. Bu görüş fevralın 1-də Təbrizin Səhənd stadionunda keçiriləcək. Oyun üçün bilet satışı artıq onlayn şəkildə başlayıb və qadın azarkeşlər də stadiona buraxılacaq.