Ramil Əliyev: "Bu departamentin bütün heyəti dəyişməlidir "

27-03-2025, 16:25           
Ramil Əliyev: "Bu departamentin bütün heyəti dəyişməlidir "
"Təbii ki, milli komandamızın göstərdiyi nəticələr məni məyus edir. Haiti və Belarus yığmalarına acı məğlubiyyət təəssüf doğurur. Ancaq milli komanda piramidanın ən yüksək nöqtəsidir. Biz ilk növbədə alt qatlarda olan problemləri - uşaq futbolu ilə bağlı məsələləri həll etməliyik".

Bu sözləri Offsideplus.az saytına açıqlamasında vaxtilə MOİK və "Rəvan" klublarında baş məşqçi işləmiş Ramil Əliyev deyib.

Uşaq futbolunda böyük təcrübəyə malik həmsöhbətimiz bildirib ki, hazırda aşağı yaşlılar arasında keçirilən çempionatlarda xeyli problem mövcuddur: "Fikrimcə, AFFA rəhbərliyi Uşaq Futbolu Departamentinin bütün heyətini dəyişməlidir. Çünki bu departamentin əməkdaşları öz üzərlərinə düşən işin öhdəsindən gələ bilmirlər. Uşaqlar arasında keçirilən çempionatlar uşaq futbolunun inkişafında həddən artıq vacibdir. Ancaq gəlin görək, bu yarışlar hansı səviyyədə təşkil olunur? Bir komanda oyuna gəlir, digəri gecikir... Oyunların vaxtını heç kimə xəbərdarlıq etmədən dəyişirlər... Məşq meydançaları bərbad haldadır... Liqaların matçlarına bəzən təcrübəsiz, adi qaydaları bilməyən hakimləri təyin edirlər... Övladlarını oyunlara gətirən valideynlər yağışda, günəşin altında qalırlar, onların oturub, uşaqların çıxışını izləməyə belə adi şərait yoxdur... Problemlər saysız-hesabsızdır".

MOİK-in "sükanı arxasında" olarkən 25 yaşında Premyer Liqaya vəsiqə qazanmaqla, Azərbaycan çempionatları tarixində ən gənc baş məşqçi statusuna yiyələnən Ramil Əliyev vəziyyətdən çıxış yolunu da göstərib. Onun sözlərinə görə, uşaq futbolunda radikal dəyişikliklər qaçıılmazdır: "Uşaq futbolu sahəsinə ən təcrübəli insanları mümkün qədər tez cəlb etmək lazımdır. Vaxt itirmək olmaz. İndi AFFA-nın Uşaq Futbolu Departamentində çalışanlarla irəli getmək mümkün deyil. Bu sahəyə baxış bucağını dəyişmək lazımdır. Uşaq liqalarının oyunları bayram əhval-ruhiyyəsində keçirilməlidir. Çempionatın qarşılaşmalarına gələnlər - həm uşaqlar, həm də valideynlər oyunlardan həzz almalıdırlar. Əlimizdə olan stadionlardan istifadə olunmalıdır. Komandalara inventarla, təşkilati məsələlərlə bağlı yardım göstərməlidir. İnanın ki, uşaq futbolunda böyük kadr problemi yaşanır. Savadlı uşaq futbolu məşqçiləri hazırlanmalıdır. Əvvəllər Gənclər və İdman Nazirliyi Bakı şəhər birinciliyi keçirirdi. 2017-ci iildən etibarən bu yarış dayandırlıb. Vaxtilə uşaqlar arasında "Sabahın ulduzları" adlı müxtəlif yaş dərəcələrində yarışlar təşkil olunurdu. Bir sözlə, prosesə, kompleks tədbirlərə dərhal start verilməlidir. AFFA ilə yanaşı, Gənclər və İdman Nazirliyi də bu məsələlərdə yaxından iştirak etməlidir. Yalnız bu halda biz ümumi inkişafa nail ola, yığmaların və əsas milli komandamızın sabit çıxışını izləyə, davamlı qələlbələrini görə bilərik".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.