Nuru Əliyevin klubu qumara görə Azərbaycan futbolundan uzaqlaşdırıldı
16-03-2017, 12:53
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
“Qafqazinfo” xəbər verir ki, UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara, AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı aşağıdakı qərarlar qəbul edilsin:
Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilsin:
“Şahdağ” (Qusar)
İqrar Səmədov
Uce Cukenyere
“Rəvan” (Bakı)
Elvin Əliyev
Cəmşid Məhərrəmov
“Göyəzən” (Qazax)
Arzuman Vəliyev
Tunar Şahtaxtinski
“Energetik” (Mingəçevir)
Elvin Əlizadə
Kamran Lalayev
Ruslan Həmidov
Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I Diviziondan kənarlaşdırılsın.
Hər iki klub I Divizionda oyunların 50 %-dən çoxunda iştirak etdiklərinə görə hər iki kluba növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət verilsin.
I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilsin.
Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilsin. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılsın.
Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilsin.
“Şahdağ” FK-nın inzibatçısı Rafael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilsin.
Topaz Premyer Liqasının XXII turunun “Neftçi” – “Qəbələ” matçının 83-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin XXII turunun “Neftçi” – “Qəbələ” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXII turunun “İnter” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
I Divizionun XIX turunun “Səbail” – “Turan Tovuz” matçının 90+2-ci dəqiqəsində “Səbail” klubunun 3 №-li futbolçusu Saşa Yunisoğlu sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XIX turunun “Energetik” – “Ağsu” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 90+3-cü dəqiqəsində “Energetik” klubunun baş məşqçisi Sahib Qocayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılır, klub 400 manat cərimə olunur (maddə 42.4).
I Divizionun XIX turunun “Qaradağ Lökbatan” – “Şahdağ” matçının 73-cü dəqiqəsində “Şahdağ” klubunun 19 №-li futbolçusu Elçin Sədullayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XIX turunun MOİK – “Rəvan” matçının 65 -ci dəqiqəsində “Rəvan” klubunun 21 №-li futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XIX turunun “Bakılı” – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).