Kamran Ağayev: "Buraxdığım qollarda edə biləcəyim bir şey yox idi"
27-03-2017, 07:57
"Buraxdığım qollarda edə biləcəyim bir şey yox idi. Amma qapıda durmusansa, gərək zərbələrin qarşısını alasan".
"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Almaniya yığmasına 1:4 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra deyib.
31 yaşlı qolkiper qolları adi vəziyyətlərdən buraxdıqlarını bildirib: "Əsas odur ki, futbol oynamağa çalışdıq. Lakin nəticə üzücü oldu. Belə olmaya da bilərdi. Bundan pis də ola bilərdi. Bir az psixi təsir edən məqamlar var idi.
Reallıq budur ki, biz almanlar səviyyəsində komanda deyilik. Sadəcə, futbol oynamağa çalışdıq. Müəyyən səhvlər üzündən uduzduq. Nəticənin belə alınması xoşagəlməz oldu".
"İkinci qolu buraxdığın epizodda Əfran İsmayılova meydandan kənarda necə reaksiya verərdin?" sualını K. Ağayev belə cavablandırıb: "Bu, fəlsəfədir: Futbolda səhv etməyən yoxdur. Hamı səhv edir. Düşünürəm ki, gələcəkdə belə hal baş verməyəcək. O səhv meydanda qaldı. Bizim Əfranla qəsd-qərəzimiz yoxdur. Təkcə meydandakı 11 futbolçu yox, hazırlıq prosesində iştirak etmiş 24 oyunçu, eləcə də yığmaya çağırılmayanların hamısı qələbə üçün çalışırdı".
K. Ağayev oyundan öncə sosial şəbəkələrdə yazılan fikirlərə də diqqət çəkib: "Bizə xalqın dəstəyi güc verir. Bunu isə görmədik. Sosial şəbəkələrdən istifadə etmirəm. Amma yazılar, ictimai rəy bir qədər qıcıq yaradır. Almanların bizə 6-7 qol vuracaqlarını yazırdılar. Nə 6-7 qol vurdular, nə də bizi döydülər. Bilirdik ki, Almaniya qrupun favoritidir, çətin olacaq. Amma biz Azərbaycan torpağında oynayırıq. Kamran uduzdu, ya başqası. Uduzan Azərbaycandır. Bir olsaq, bir-birimizə güvənsək, başqa cür ola bilər. Mən tribunalardakı dəstəyi yox, şərhləri nəzərdə tuturam. Bu da normaldır. Qınamıram. İnsan mentalitetidir. Dünyanın hər yerində azərbaycanlılar yaşayır. Hərənin fərqli fikri ola bilər".
Qeyd edək ki, Kamran Ağayev Azərbaycan millisinin heyətində cari seçmə tsikldə qapısından 8, ümumilikdə isə 101 top buraxıb.