Əfran İsmayılov Almaniya ilə oyundan sonra ona yönələn tənqidlərə cavab verib

31-03-2017, 07:51           
Əfran İsmayılov Almaniya ilə oyundan sonra ona yönələn tənqidlərə cavab verib
"Sosial şəbəkələrdən uzaq adamam, istifadə etmirəm. Nə "Facebook", nə də "İnstagram" profilim var. Oyunum barədə fikirləri ordan-burdan eşidir, tənqidlərdən nəticə çıxarıram. Amma görürəm ki, söhbəti həqiqətən də çox şişirdirlər. Bu qədər şişirdəcəklərini gözləmirdim, heç yeri də yox idi. Az qala vətən xaini etmək istəyirlər. Daha bu qədər də yox da".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov Almaniya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra ünvanına yönələn tənqidləri cavablandırarkən deyib.
İyirmi doqquz yaşlı yarımmüdafiəçi bildirib ki, futbolda heç kim yalnız hücumdan qol vurmur, əks-hücumlardan da yararlanaraq, fərqlənirlər:
"Bakıda da Almaniya yığması elə qollar vurdu. "Qarabağ"ın oyunlarında da görürük ki, məsələn, AZAL-a qarşı nə qədər hücum etsək də, 10 nəfərlə müdafiə olunan rəqibə qol vura bilmirik. Axırda rəqibi əks-hücumda tutaraq, qol vururuq. Belə halı hətta "Barselona"da da müşahidə etmək olar".
İsmayılovun fikrincə, Almaniya millisinin ikinci qolunun vurulduğu epizodda onun yol verdiyi səhvi şişirdənlər başqa məqsəd güdürlər:
"Ola bilsin ki, onlar başqa şey fikirləşirlər. Amma ümumi götürdükdə, demirəm ki, səhv etmədim. Səhvim oldu. Buna görə həm Qurban Qurbanov, həm də Robert Prosineçki mənə iradlarını bildirdilər. Dedilər ki, o epizodda elə yox, belə etmək lazım idi. Mən də başa düşdüm. Lakin futbolu az bilən adamların bu cür fikirləşib söz-söhbət yaratmaları mənə həqiqətən də təsir etdi. Düzü, heç o fikirlərə ciddi əhəmiyyət vermirəm ki, təsir də etsin. Sadəcə, söhbət çox şişdi. Başa düşürəm ki, ikinci qol mənim səhvimdən oldu. Məhsuldar və təhlükəli vəziyyətə səbəb olan ötürmələrimdən danışmıram. Onları qoyuram qırağa. Amma səhvimi bu dərəcədə şişirtməyin yeri də yoxdur".
Təcrübəli oyunçu Almaniya millisinin Bakıda tam gücünü ortaya qoymadığı iddia edib:
"Düzdür, deyirlər ki, biz hesabı 1:1 etdikdən sonra səhv etməsəydik, nəsə edə bilərdik. Amma bunu da nəzərə almaq lazımdır ki, mənim səhvim olmasaydı belə, qarşımızdakı Almaniya idi. İnandırım sizi, Almaniya oyuna heç tam gücünü də qoymamışdı. 30-40 faiz güclə oynayırdı. Nə vaxt istədisə, oyununu ortaya qoyurdu. Almaniya 4 qat dünya çempionudur. Biz 14 km qaçdıqsa, Toni Kroos 3-4 km qaçdı. Bununla belə, ağıllı futbol oynadılar. Aramızdakı fərq o qədərdir ki, nə vaxt istəsələr, hər şey edə bilərlər. Özünüz də gördünüz ki, elə bir oyun oldu. İkinci hissədə ümumiyyətlə qaçmadılar. Yəqin ki, özlərini Çempionlar Liqası və ya daxili çempionata hazırlayırdılar".
İsmayılov yaxşı oyun üçün əlindən gələni etdiyini də söyləyib:
"Məgər mən istəmirdim ki, Almaniyanı udaq? Bunu hamıdan birinci özüm istəyirdim. Çünki bu, hərtərəfli üstünlükdür. Həm Almaniyanı udursan, həm xal, həm də mükafat qazanırsan. Mən xalqa görə oynamıram ki, yaxşı çıxış etsəm məni tərifləsinlər, pis oynasam, tənqid etsinlər. Mənim baş məşqçilərim, onların köməkçiləri, futbolçu həyatım var. Əsasən, bunlara cavabdehəm. Əlimdən gələni edirəm ki, xalq üçün yaxşı olsun. "Yaxşı oynayanda məni yaxşı saysınlar, pis oynayanda pis" söhbəti düzgün deyil. Kimliyindən asılı olmayaraq, futbolçu daim sabit oynaya bilmir. Həm üstün, həm də zəif oyunları olur".
Sonda millinin futbolçusu iyunun 10-da Bakıda Şimali İrlandiyaya qarşı keçirəcəkləri oyun üçün şansları dəyərləndirib:
"İnanıram ki, Şimali İrlandiyaya qarşı Almaniya ilə oyundakı kimi çıxış etsək, hər şey yaxşı olacaq. Öz meydanımızda oynayırıq. Finala bərabər matçda əlimizdən gələni edəcəyik ki, maksimum nəticə göstərək. Düzdür, Şimali İrlandiya yığması standart vəziyyətlərə üstünlük verən komandadır. Bizə 4 qoldan 3-nü belə vəziyyətlərdən vurdular. İki metrədək boyları var. Bununla belə, bilirəm ki, baş məşqçimiz bu məğlubiyyətdən nəticə çıxarıb. O məğlubiyyətin diskinə yenidən baxaraq, yaxşı təhlil aparacaq və belə hücumların qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Boyları uzun olsa da, bir şey fikirləşəcəyik. İnanıram ki, son 2 oyundan nəticə çıxararaq, britaniyalılara qarşı ciddi hazırlaşacağıq".
Qeyd edək ki, Almaniya ilə Bakıdakı oyunda Əfran İsmayılov Dmitri Nazarova məhsuldar ötürmə verdikdən 5 dəqiqə sonra topu itirib. Nəticədə Bundestim Azərbaycan millisini ikinci dəfə mərkəzə dəvət edib. Görüş isə qonaq komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.