"Qarabağ"ın prezidenti: "Muaremin əlverişli şansı əldən verdiyi epizoda çox üzüldüm"
10-04-2017, 08:17
"Məncə, çox gözəl sürətli oyun izlədik. Futbola doyduq. "Qarabağ"ın iki-üç çox real qol imkanı var idi".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XXV tur matçından (0:0) sonra deyib.
O, matçın sonlarında daha çox həyəcanlandığını bildirib:
"Xüsusən, Muarem Muaremin əlverişli şansı əldən verdiyi epizoda çox üzüldüm. Bu, qola ən yaxın olduğumuz bir epizod idi. Kənarda oturub, çay içərək "Niyə əldən qaçırdın?" demək çox asandır. Amma məncə, o zərbə qapıdan keçsəydi, çox möhtəşəm, keyfiyyətli qol alınacaqdı. Heyf ki, olmadı".
Bununla belə, T.Gözəl nəticədən və komandasından razılıq ifadə edib:
"Futbolçularımız çox gözəl oyun sərgilədilər. Hesab edirəm ki, "Qarabağ" qalan turlarda da bu cür nizam-intizamlı və keyfiyyətli oyun sərgiləsə, çempionluğa nail olacağıq".
Klub rəsmisi "Qəbələ"ni sona 3 tur qalmış 4 xal geridə qoymalarına baxmayaraq, "Qarabağ"ın çempionluğunu düşünməyin tez olduğunu söyləyib:
"Futbol heç vaxt arxayınlığa icazə vermir. Xüsusən, böyük klubların özlərindən zəiflərə qarşı oynamaları çox çətindir, çünki onlarla görüşlərdə səhvlərə yol verə bilərlər. Amma mən komandamdan razıyam. Bugünkü ruhla qalan oyunları da uğurla başa vurmaq olar".