AÇ-nin ilk günündə Azərbaycan güləşçiləri 2 qızıl, 1 gümüş medal qazanıb

3-05-2017, 08:15           
AÇ-nin ilk günündə Azərbaycan güləşçiləri 2 qızıl, 1 gümüş medal qazanıb
Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparıb.

Təmsilçilərimiz günü 2 qızıl və 1 gümüş medalla başa vurub.

57 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Giorgi Edişeraşvili Belarus, Fransa, yarımfinalda isə Rusiyalı rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə təmsilçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə şans verməyən Giorgi Edişeraşvili çempionatın qızıl medalını qazanıb.

86 kq çəkidə mübarizə aparan Aleksandr Qostiyev Polşa, Ermənistan, yarımfinalda isə Türkiyə təmsilçisini məğlub edərək finala yüksəlib. Finalda təmsilçimiz Rusiya idmançısına uduzub və çempionatın gümüş medalına sahib olub.

Qadın güləşçilərin yarışında isə 48 kq-da mübarizə aparan 5 qat Avropa çempionu və ilk Avropa Oyunlarının qalibi Mariya Stadnik finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Türkiyə və Rumıniyadan olan rəqiblərini tam üstünlüklə məğlub edən Mariya finala yüksəlib. Həlledici görüşdə Ukrayna idmançısı İlona Semkiv üzərində vaxtından əvvəl qələbə qazanan Mariya Stadnik Avropa çempionatının 6-cı dəfə qızıl medalına sahib olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.