Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşdi – YENİLƏNİB
26-06-2017, 00:15
Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, yarışda “Red Bull Racing” komandasının nümayəndəsi Daniel Rikardo finiş xəttini birinci keçib (1 dəqiqə 46.117 saniyə).
Valtteri Bottas (Mercedes) ikinci, Lens Stroll (Williams) isə üçüncü gəlib.
Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası olub.
Qaliblərə mükafatlar təqdim olunub.
Formula-1 Azərbaycan Qran-Prisinin çempionu Daniel Rikkiardoya kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.
Konstruktorlar kubokunu “Red Bull Racing” komandasının nümayəndəsinə birinci xanım Mehriban Əliyeva təqdim edib.
İkinci yerin sahibi “Mercedes”in pilotu Valtteri Bottasa kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Williams”ın sürücüsü Lans Strolla isə mükafatı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.
Qeyd edək ki, pilotlar 51 dövrə vurublar. Hər dairənin uzunluğu 6.003 km, trekin ümumu məsafəsi isə 306.049 km-dir. Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran-Prisində “Mercedes” komandasının pilotu Niko Rosberq qalib olub (1:46.485).
17:00
Bu gün Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisində pilotların əsas yarışına start verilib.Bu barədə Oxu.Az xəbər verir.
13:00
Bu gün Bakıda Formula-1 Azərbaycan Qran-Prisinin həlledici mərhələsi başlayacaq.
yarışda hər birindən iki pilot olmaqla, 10 komanda iştirak edəcək.
Saat 15:30-da pilotların paradı olacaq. 17:00-da qran-pirinin həlledici mərhələsi başlayacaq.
Azərbaycan Qran-prisinin start düzülüşü bu cürdür: Luis Hamilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Kimi Raykonnen, Sebastyan Fettel (hər ikisi “Ferrari”), Maks Ferstappen (Red Bull), Serxio Peres, Esteban Okon (hər ikisi “Force İndia”), Lens Stroll, Felipe Massa (hər ikisi “Williams”), Daniel Rikkardo (Red Bull), Daniil Kvyat (Toro Ross), Kevin Maqnussen (Haas), Niko Hulkenberq (Renault), Paskal Verlayn (Sauber), Karlos Saynz (Toro Rosso), Roman Qrojan (Haas), Markus Eriksson (Sauber), Stoffel Vandorn (McLaren), Fernando Alonso (McLaren), Colion Palmer (Renault).
Qeyd edək ki, pilotlar 51 dövrə vuracaqlar. Hər dairənin uzunluğu 6.003 km, trekin ümumu məsafəsi isə 306.049 km-dir. Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran-Prisində “Mercedes” komandasının pilotu Niko Rosberq qalib olub (1:46.485).