Bu gün "Shamkir Chess 2018" superturnirində son turun görüşləri keçiriləcək
28-04-2018, 09:36
Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirində bu gün son turun görüşləri keçiriləcək.
"Report" xəbər verir ki, IX turun mərkəzi qarşılaşması norveçli dünya çempionu Maqnus Karlsenlə çinli Dink Liren arasında oynanılacaq. İlk 8 turdan sonra 5,5 xala malik Karlsen Lireni yarım xal qabaqlayır. Turnirin qalibi məhz bu görüşün yekununda məlum olacaq. Çinli qrossmeyster qələbə qazana bilməsə, Karlsen üçüncü dəfə "ShamkirChess"in qalibi olacaq.
Qələbə şanslarını itirmiş Azərbaycan təmsilçilərinə gəldikdə, Rauf Məmmədov ağ fuqurlarla Şəhriyar Məmmədyarovu, Teymur Rəcəbov isə qara fiqurlarla çexiyalı autsayder David Navaranı sınağa çəkəcək.
"Shamkir Chess 2018”
IX tur
28 aprel
Maqnus Karlsen (Norveç) - Dinq Liren (Çin)
Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan)
Radoslav Voytaşek (Polşa) - Aniş Giri (Hollandiya)
Rauf Məmmədov (Azərbaycan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
David Navara (Çexiya) - Teymur Rəcəbov (Azərbaycan)
Qeyd edək ki, son tur öncəsi 5,5 xala malik Maqnus Karlsen liderliyini davam etdirib. Dinq Liren 5 xalla 2-ci pillədə qərarlaşıb. Aniş Giri, Veselin Topalov, Şəhriyar Məmmədyarov, Radoslav Voytaşek, Teymur Rəcəbov və Sergey Karyakin hərəyə 4 xalla 3 - 8-ci yerləri bölüşür. Rauf Məmmədov 3,5 xalla 9-cu, David Navara isə 2 xalla sonuncudur.