Şəhriyar Məmmədyarov: "İndiyədək şahmat olimpiadalarında medal əldə etməmişik"
28-04-2018, 19:22
"Azərbaycan milli komandası bu il Gürcüstanın Batumi şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında medal qazana bilməsə, 2020-ci il Xantı-Mansiysk Olimpiadasına istirahətə gedəcək".
"Report"un məlumatına görə, bu barədə yığmanın lideri Şəhriyar Məmmədyarov bildirib.
33 yaşlı qrossmeyster deyib ki, indiyədək 3 dəfə Avropa çempionu olsalar da, şahmat olimpiadalarında heç vaxt medal əldə edə bilməyiblər. Baxmayaraq ki, komandada 2700-dən çox reytinq xalı olan 4 şahmatçı var. Məmmədyarov bunun səbəbini bilmədiyini söyləyib: "Çox təəssüf ki, nə isə qəribəliklər baş verir, komandamız qalib gələ bilmir. Hər dəfə olimpiadaya medal qazanmağa getdiyimizi deyəndə utanırıq. Çünki nəinki qızıl, hətta medal qazana bilmirik. Nə isə alınmır. Bu dəfə də medal qazana bilməsək, növbəti olimpiadaya "Medal üçün yox, istirahətə gedirik" deyəcəyəm".
Təcrübəli qrossmeyster bəxtsizlikdən də gileylənib: "Məsələn, 2012-ci il olimpiadasında 9 oyunluq uğurlu seriyadan sonra Çinə uduzduq. Bu məğlubiyyətin ardından qarşılaşdığımız Rumıniya elə də güclü komanda deyildi. Düşünürdük ki, qalib gələrik. Təəssüf ki, bu, alınmadı. Yəni, bu cür şanssızlıqlar baş verir. Son anda nə isə baş verir ki, biz oynaya bilmirik".
Qeyd edək ki, Batumidəki 43-cü Ümumdünya Şahmat Olimpiadası sentyabrın 23-dən oktyabrın 6-dək keçiriləcək. Azərbaycan millisi olimpiadalarda ən yüksək nəticəni 2014-cü ildə Norveçin Trömse şəhərində 5-ci yeri tutmaqla göstərib.