"Qarabağ"da 3 cəbhədən mübarizə başladı - Xaricilər yayda bizə nə gətirəcək? - Siyahı
30-05-2018, 09:06
% ildir Premyer Liqa çempionluğuna "embarqo qoyan" “Qarabağ” ardıcıl olaraq 2-ci dəfə Avropanın ən prestijli futbol turniri Çempionlar Liqasına qatılmaq üçün vəsiqə qazanıb.
Publika.az xəbər verir ki, liqaya I təsnifat mərhələsindən qatılacaq Qurban Qurbanovun komandası UEFA-nın yeni ÇL reqlamentinə əsasən qrup mərhələsinə adlamaq üçün 3 deyil, 4 mərhələdən keçməli olacaq.
Bu da təmsilçimizin mübarizəsini bir az da çətinləşdirir. Çünki II təsnifat mərhələsindən fərqli olaraq, I təsnifat mərhələsində qrafik sıxlığı vaxt məhdudiyyəti yaradır ki, bu da komandadan gərgin rejim tələb edir.
Artıq “Qarabağ"ın I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. “Qarabağ” bu dəfə püşkatma zamanı "səpələnmişlər" səbətində yer alacaq. Onun potensial rəqibləri isə “səpələnməmişlər" səbətində olacaq.
Təmsilçimizin ilkin mərhələdə potensial rəqibləri bunlardır:
"Şkendiya" (Makedoniya),
"Olimpiya" (Lyublyana, Sloveniya),
"Düdelanj" (Lüksemburq),
"Spartak" (Trnava, Slovakiya),
"Valletta" (Malta),
"Vikinqur" (Farer adaları),
"Kruzayders" (Şimali İrlandiya),
"Alaşkert" (Ermənistan),
"Sutyeska" (Monteneqro),
"Suduva" (Litva),
"Kork Siti" (İrlandiya),
"Spartak" (Yurmala, Latviya),
"Valür" (İslandiya),
“Flora" (Estoniya),
"Torpedo" (Kutaisi, Gürcüstan) və ilkin mərhələnin qalibi. İlkin mərhələdə isə "Linkoln" (Cəbəllütariq), "Santa-Koloma" (Andorra), "La Florita" (San Marino) və "Drita" (Kosovo) komandaları arasında mini-turnir keçiriləcək və qalib I təsnifat mərhələsinə yüksələcək.
2017/2018 mövsümündə Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”dan bu turnir çərçivəsində gözləntilər və tələblər getdikcə artmaqdadır. Ötən il bütün səhvləri və çatışmazlıqları təcrübəziliyə qurban verən azarkeşlər artıq bu il daha yaxşı nəticələrə sevinmək istəyir.
Publika.az “Qarabağ”ın 2018-2019 mövsümündə Çempionlar Liqasının təsnifat mərhələlərindəki şansını dəyərləndirmək üçün futbol mütəxəssislərinin fikirlərini öyrənib.
Milli komandanın sabiq baş məşqçisi Şahin Diniyev bildirdi ki, “Qarabağ” nəticə əldə edə bilmək üçün iki güclü heyət qurmalıdır:
Bu gün Avropada zəif komanda yoxdur. Bütün komandalar çalışır ki, yaxşı nəticələr əldə etsin. Buna görə də “Qarabağ” bu il daha ciddi hazırlaşmalıdır. Kiçik bir səhv bizə baha başa gələ bilər. Ancaq hazırkı mövqeyinə baxsaq, “Qarabağ”ın mərhələni adlamaq şansı daha çoxdur. “Qarabağ”ın bu yolda nələrə üstünlük verəcəyi isə klubun rəhbərliyinin bir illik strategiyasından asılıdır. Bu gün “Qarabağ”dan gedən furbolçuların sayının çoxluğu çox müzakirə edilir. Mənə elə gəlir ki, “Qarabağ” heyət baxımından çox da oyunçu itirməyib. Yəqin ki, onların da yeri olacaq. Yay transfer mövsümündən sonra isə klubun strategiyasını təxmin etmək mümkün olacaq. “Qarabağ” həm çempionat, həm Azərbaycan kuboku, həm də Çempionlar Liqası üçün iki bərabərsəviyyəli heyətə malik olmalıdır ki, hər 3 cəbhədə uğurla mübarizə apara bilsin. Onun üçün transfer məsələsində işi çətindir. Cəlb edilən futbolçulara gəldikdə isə, Azərbaycanda Çempionlar Liqasında oynayacaq yaxşı futbolçular var. O demək deyil ki, Azərbaycan yerli futbolçu yetişdirə bilmir. Ancaq Çempionlar Liqasında oynamaq üçün “Qarabağ”ın iki heyətə ehtiyacı var. Bu da təkcə yerli futbolçularla düzələcək iş deyil. Güclü legionerlərə ehtiyac var”.
1991-96-cı illərdə “Qarabağ”ı çalışdıran sabiq baş məşqçi Ağasəlim Mircavadov “Qarabağ”ın rəqibləri ilə müqayisədə şansının daha çox olduğunu qeyd etdi:
“Normal rəqiblər düşüb. İstərdik ki, “Qarabağ” ötən mövsümdən müqayisədə çıxışlarını daha da təkmilləşdirsin. Ancaq fikrimcə, “Qarabağ” bu il təsnifat mərhələsini keçəcək. Rəqibləri ilə müqayisədə şansı daha çoxdur. Ancaq buna rəğmən, artım etməlidir. Ötən il “Çelsi”ni çıxmaq şərtilə, digər rəqiblərlə layiq oyun izlədik. Gələn legionerlər də yaxşı iştirak etdilər. Bu il isə daha da yaxşılarını gözləyirik. Komandada yerli və futbolçulara üstünlük verilməsi isə klubun strategiyasından asılıdır. Büdcəyə uyğun hərəkət ediləcək”.
Aparıcı və futbol şərhçisi Gündüz Abbaszadə komandanın işinin çətin olduğunu, buna baxmayaraq, yeni gələcək futbolçuların yaxşı nəticələr verə biləcəyini vurğuladı:
“Çempionlar Liqasının reqlamenti dəyişib. Bəlli məsələdir ki, mərhələ çərçivəsində daha çox oyunlar keçiriləcək. Buna görə də çətin olacaq. I və II təsnifat mərhələsindən mübarizəyə qoşulmaq komandanın hazırlıq planına böyük təsir göstərir. Qısa müddətdə komanda strategiyasını müəyyənləşdirməli və hazır olmalıdır. Əvvəlki mərhələdən qoşularkən komanda iki həftə zaman qazanırdı ki, bu da böyük avantajdır. Ancaq bu mərhələdə vaxt azlığı var, ona görə də çətin olacaq. Rəqiblərə baxsaq, aşağı-yuxarı ötənilki komandaları görə bilərik. Buna baxmayaraq, “Qarabağ”ın sürpriz etmək ehtimalı çox böyükdür. Təbii ki, heyətə də əl gəzdirilməlidir. “Qarabağ”ın futbolçu seçimi təcrübəsinə nəzər salsaq, görərik ki, komanda legioner seçimində nadir hallarda yanılıb. Bu baxımdan, üçid var. “Qarabağ” bu il Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansa, bu, ötən illə müqayisədə əsl qəhrəmanlıq olacaq. Çünki reqlament dəyişib və təsnifat mərhələsindən çəxacaq komandaların sayı azaldılıb. Ən pis halda, ümid edirəm ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə düşə biləcək.
Komandanın heyət dəyişikliyi son zamanlarda çox müzakirə edilir. Ancaq mən bunu düzgün hesab etmirəm. “Qarabağ” bu gün dünyada əksər klubların etdiyi strategiyanı izləyir. Yeni legionerlərin komandaya uyğunlaşmasının isə əvvəlki illərə nəzər yetirdikdə rahat olduğunu görürük. İstər Almeydanın, istərsə Pedronun gəldiyi gəldiyi ilə baxsaq, görərik ki, bu proses elə də çətin başa gəlmir. “Qarabağ”dan çox sayda futbolçunun ayrılması müasir futbolda təəccüb doğurmayan amildir. Çünki komandadan gedən futbolçular “Qarabağ”da əldə edə biləcəkləri bütün uğurlara çatmışdılar. Ümumiyyətlə, Azərbaycanda çıxış edən futbolçu ən yaxşı halda, çempionat, kubok, Avropa və Çempionlar Liqasının qrup mərhələsi üçün mübarizə apara bilər. “Qarabağ”dan gedən futbolçuların əksəriyyəti bu uğurlara doymuşdular. Məsələn, Almeyda. Onun artıq “Qarabağ”da hədəfləyəcəyi bir şey yox idi. İndi komandanın uğura ac olan futbolçulara ehtiyacı var, ki onlar meydanda bütün güclərini ortaya qoysunlar.
İbrahim Şehiçin “Qarabağ”dan ayrılması sürpriz oldu. Ancaq Şehiç klubdan elə bir maaş tələb etmişdi ki, o vəsaitə “Qarabağ” üçün iki Şehiç kimi qapıçı almaq mümkündür. Mənə elə gəlir, uğura ac olan futbolçular ən az ayrılanlar qədər yaxşı işlər görəcəklər”.