İspaniyanın “As” nəşri Zinəddin Zidanın “Real”ın baş məşqçi postundan istefa verməsinin səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Florentino Peresin onun icazəsi olmadan yeni transferləri planlaşdırması Zidanın qərarında həlledici olub.
Nəşr iddia edir ki, klub prezidenti Zidanın keçidində maraqlı olmadığı qapıçı Kepa Arrisabalaqa (“Atletik”), hücumçular Robert Levandovski (“Bavariya”) və Neymarı (PSJ) transfer etmək niyyətində imiş. Digər tərəfdən, Kriştiano Ronaldo və Qaret Beylin klubdakı gələcəklərinin sual altında olması da 45 yaşlı çalışdırıcın qərarına təsir edib.
Bunlarla yanaşı, mövsümün ortasında ardıcıl uğursuz nəticələrdən sonra rəhbərliyin dəstəyindən məhrum olması, əvəzində Maurisio Poçettino və Yoahim Löv kimi məşqçilərin adlarının klubla birgə hallanması Zidanın ürəyincə olmayıb.