Federasiya çətin durumda: Dünya çempionatına kimi gedəcək?
14-09-2015, 23:08
Azərbaycan Ağır Atletika Federasiyası yenə ağır günlərini yaşayır. Baxmayaraq ki, noyabr ayında dünya çempionatı onları gözləyir.
Publika.az-ın federasiyaya yaxın mənbədən aldığı məlumata görə, milli komandada vəziyyət heç də ürəkaçan deyil. Vaxtilə milli komandada can yandırmış bəzi idmançılar komandadan uzaqda qalıb. Ağır atletlərimizin özləri də bu durumdan şikayətçidir. Lazımı vitaminlərlə təmin edilməyən komandada, məşqlərdə də problemlər yaşanır. Öncə də dediyimiz kimi, yaxın zamanda dünya çempionatı keçiriləcək, amma komandada heç bir toplanma, güclənmə nümayiş etdirilmir. Komandanın dünya çempionatına hazırlığı ilə bağlı məlumat almaq üçün ağır atletika milli komandasının köməkçi məşqçisi Nizami Paşayevlə əlaqə saxladıq. İkiqat dünya çempionu ilk öncə suallara cavab verməkdən imtina etsə də, sonra qısa cavab verməyə razı oldu.
N.Paşayev Publika.az-a açıqlamasında dünya çempionatında hansı idmançıların iştirak edəcəyinin hələ bəlli olmadığını dedi: “Milli komandanın tərkibində hansı idmançıların çıxış edəcəyi bəlli deyil. Çünki hələ vaxtımız var”.
Məsələnin maraqlı tərəfi odur ki, görəsən, federasiya hansı vaxtı düşünür? Təxminən 1 ildən sonra olimpiya oyunları olacaq. 2 ay sonra baş tutacaq yarışa gedəcək idmançılar bəlli deyilsə, olimpiya oyunlarına necə hazırlaşmaq niyyətindədirlər? Təbii ki, federasiya bu sualları yarımçıq qoyur... Pubika.az-ın əldə etdiyi məlumata görə, hazırda milli komandada baş məşqçi postunu polşalı mütəxəssis Miroslav Çoroş tutur. Köməkçi məşqçilər isə Nizami Paşayev və Xanlar Nəbiyevdir. Ancaq təəssüflər olsun ki, Ağır Atletika Federasiyasında nə azərbaycanlı, nə də polşalı mütəxəssislərin sözü keçir. Miroslav Çoroş vəzifəsinin nədən ibarət olduğunu belə unudub...
Aldığımız digər məlumata görə, federasiyada maaş problemi də hökm sürür. Maaşları verilməyən heyət məşqlərə qatılmaqdan imtina edir... Elə millinin tərkibində idmançıların durumu da ürək açan deyil - bir iki atleti çıxarmaq şərti ilə... Bunlardan biri də “Zirvə” idman klubunun üzvü Valentin Xristovdur. Olimpiya mükafatçımıza ümidlər böyükdür. Xatıradaq ki, V.Xristov dopinq qalmaqalından sonra 2 il yarışlardan uzaqlaşdırılmışdı. Ancaq təmsilçimiz 2 il sonra yenidən özünü sübut edib, Avropa çempionatında uğurla çıxış edərək çempion olmuşdu. Onun cəzadan sonrakı növbəti qələbəsi də səbrlə gözlənilir.