Bu gün DÇ-2018-də daha iki yarımfinalçının adına aydınlıq gələcək

7-07-2018, 09:40           
Bu gün DÇ-2018-də daha iki yarımfinalçının adına aydınlıq gələcək
Futbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinin növbəti iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, əvvəlcə İsveç və İngiltərə yığmaları üz-üzə gələcəklər.

İsveç 1/8 finalda İsveçrəni 1:0 hesabı ilə üstələyib. İngiltərə isə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçda Kolumbiyanı penaltilər seriyasında məğlub edib.

Komandalar bu vaxta qədər dünya çempionatlarında 2 dəfə qarşılaşıblar. İlk dəfə 2002-ci il mundialında baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. 2010-cu il mundialındakı görüş də bərabərliklə başa çatıb – 2:2. Dünya çempionatları tarixində 5 dəfə 1/4 finala vəsiqə qazanan İsveç yığması, 1938, 1958 və 1998-ci il mundiallarında isə yarımfinala yüksəlib. 1966-cı il mundialının qalibi olan İngiltərə, 2006-cı il dünya çempionatından sonra ilk dəfə ¼ final matçında çıxır. İngilislər 1990-cı il dünya çempionatından sonra bu mərhələni keçə bilmirlər.

Günün digər oyununda isə ev sahibi Rusiya ilə Xorvatiya yığması münasibətlərinə aydınlıq gətirəcək. Rusiya 1/8 finalda İspaniyanı, Xorvatiya isə Danimarkanı penaltilər seriyasında məğlub edib. Komandalar dünya çempionatları tarixində ilk dəfə qarşılaşacaqlar. Rusiya yığması SSRİ dağılandan sonra ilk dəfə bir mundialda ¼ finala yüksəlib. Xorvatiya isə 1998-ci il mundialında Almaniyanı məğlub edərək yarımfinala vəsiqə qazanıb.

DÇ-2018, 1/4 final

7 iyul

18:00. İsveç - İngiltərə

Hakimlər: Byörn Kuypers, Sander van Rokel, Ervin Zeynstra (hamısı Hollandiya), Antonio Mateu Lahos (İspaniya).

Samara. “Samara Arena”

22:00. Rusiya - Xorvatiya

Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Canni Sikazve (Zambiya).

Soçi. “Fişt” stadionu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru