Elxan Şükürlü Mətbuat Şurasını darmadağın etdi VİDEO
22-11-2015, 11:58
Dünən Mətbuat Şurasının təşkilatçılığı ilə elektron mediada baş verən problemlərlə bağlı toplantı keçirilib. Toplantıda bir neçə vacib çıxış olub. Çıxışçılardan biri daha önəmli nitq söyləməyinə baxmayaraq, şəbəkələşmiş media onun çıxışı haqqında bir cümlə də dərc etməyib. Sosial şəbəkələrdə artıq müzakirə mövzusu olan bu çıxışı strateq.az saytının baş redaktoru Elxan Şükürlü edib. Çıxışın bir hissəsini xural.com əldə edərək yayıb. Həmin hissəni təqdim edirik:
“…Adı ilə deyirəm ki, hansı icra başçılarından, hansı idarə müdirlərindən yazı yazırsan, özləri çıxır. Yazını çıxarmayanda sizin Mətbuat Şurasından zəng vururlar ki, çıxarın. Bir-bir araşdırın görün, kimlər haqq alır icra başçılarından. Araşdırın görün, hansı idarələrdən alırlar. Guya siz özünüz bunları bilmirsiniz? Çox gözəl bilirsiniz, amma demirsiniz. Niyə? Çünki o reket mətbuatı yetişdirən sizlərsiniz. Özünüzsünüz! Siz özünüz yaratdığınız bir canavarın əlində qalmısınız və heç nə edə bilmirsiniz. Qaldı bu məsələlərə, siz indi cəsarət edib danışırsınız, amma biz bunu yazdığımıza görə, həmin o reket mətbuatın arxasında hansı dövlət qurumları durub… Əksəriyyətinizin şəkillərinizi çəkiblər. Əksəriyyətinizi şantaj ediblər. Niyə səsinizi çıxarmırdınız? Amma biz yazanda, bizi istintaqa çağıranda siz Mətbuat Şurası başda olmaqla, bu jurnalist ordusunun böyük əksəriyyəti susurdu. Ona görə susurdu ki, çoxunuz gözü kölgəlisiniz. İnanın, ona görə də sizlər o problemi həll edə bilməzsiniz.
Çıxış yolu odur. İndiyə qədər Mətbuat Şurası Qeyri-Hökumət Təşkilatları ilə birlikdə nə qədər layihə işləyibsiniz? İnformasiya təhlükəsizliyi ilə bağlı, informasiya azadlığı ilə bağlı, mətbuat xidmətləri ilə jurnalistlər arasındakı əlaqələr barədə. Hanı? Hamısı korrupsiya layihələri olub da… Bir dənə nəticəsi yoxdur. Vüsalə xanım, bəli, bu gün APA informasiya sektoru sahəsində ən nüfuzlu, bir nömrəli agentlikdir. Hamı gözləyir ki, görək Vüsalə xanım nə yazacaq, ona istinad edək. İndiyə qədər bir məlumatı yanlış yazmışıq. O gün sizin saytda gedib. Milli Təhlükəsizlik nazirinin müavini ilə bağlı xəbər. Sizdən sonra biz götürmüşük, sizə etibar eləmişik, yəni artıq inam yaranıb. Bunu qoyandan sonra bəlli olub ki, xəbər doğru deyil. Məcburuq çıxaraq. Acığa düşüb demişəm ki, çıxarmayın. Niyə çıxarmalıyıq? Biz hansısa informasiya orqanının yalan məlumatını niyə çıxarmalıyıq? Axı qoyub-çıxaranda onun özündə də problem yaranır ki, bu xəbər niyə qoyuldu, niyə çıxarıldı?
Odur ki, bir-bir hamısını saya bilərik. Bu məsələdə, bu reket jurnalistikasının yetişməyində, mətbuatın bu günə düşməyində ilk növbədə sizlər, sonra da dövlət orqanları məsuliyyət daşıyır. Bunu hansısa yazıq jurnalistin boynuna yıxmayın. Bu gün nəşriyyatda – çox-çox üzr istəyirəm xanımlardan – hansısa “priton”u saxlayırlar, cibindən jurnalist vəziqəsi çıxarır. Aylıq haqq qoyublar. İcra Hakimiyyətləri siyahı tutub. Araşdırın tədbirləri, baxın. Hər tədbirdə hansı icra hakimiyyəti, hansı komitə, hansı nazirlik kimlərə nə hədiyyə verir. Bunun hamısı rüşvətdir da, ələalmadır da… Ondan rüşvət alan, ondan hədiyyə alan kimsə gedib bir də ondan yazacaq? Yazmayacaq! Və siz də bunu stimullaşdırırsınız. Ehtiyac var yenə nəsə deməyə, yoxsa daha faktlar deyim? “