Təttər- Qaradağlı kəndində səyyar qəbul-görüş keçirildi FOTO

20-12-2015, 12:47           

Qaradağlı kəndində səyyar qəbul-görüş keçirildi
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir.
Belə görüşlərdən biri də Yeni il ərəfəsində Qaradağlı kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
Əvvəlcə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır. Bildirmişdir ki, 522 təsərrüfat, 1050 hektar ərazisi olan kənddə 2264 nəfər əhali yaşayır, əhalinin əsas məşğuliyyəti isə əkinçilik və heyvandarlıqdır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Əhməd Mirişov, Şəmsi Qasımov, Yavər Kərimov, Elbrus Sadıqov, Milvari Əliyarova, Bayram Orucov və başqaları rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, Yeni il ərəfəsində kəndlərinə “mavi yanacağ”ın verilməsindən və kənd sakinlərinin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirərək, əhalinin həyat şəraiti və onları narahat edən problemlərdən də söhbət açmışlar. Kənddə suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, Qaradağlı kənd tam orta məktəbinin əsaslı təmir olunmasına ehtiyac olduğunu bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd sakinlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək, Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan danışmış, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.