“Hakimiyyətə qarşı çıxan hər kəsin əleyhinəyik”

20-10-2016, 10:12           
“Hakimiyyətə qarşı çıxan hər kəsin əleyhinəyik”
Hacı Qamət: “Valideyni öldürmək böyük günahdır, valideynə toxunmaq olmaz, hətta o, kafir olsa belə...”
Bir müddətdir mətbuatdan kənarda qalan Azərbaycanda sələfilərin lideri, “Əbu-Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov sükutu pozub. “Yeni Müsavat”a açıqlamasında o, son zamanlar Azərbaycanda dini və digər müstəvilərdə baş verən hadisələrə münasibət bildirib. Hacı Qamət ilk olaraq öz fəaliyyətindən danışıb.

Q.Süleymanov ilk olaraq “Əbu-Bəkr” məscidi barəsində danışaraq bildirib ki, az sayda dindarlarla ora gedib, namazlarını qılırlar: “Məscid 2008-ci il 17 avqust terrorundan sonra bağlanıb. Məsciddə ibadətə məhdudiyyət davam edir. Düzdür, istintaq bitib. Ancaq məscidin icma üzvləri yığışır, namaz qılır, 5-10 nəfər toplaşırıq. Əvvəlki kimi insan izdihamı olmur”.

Qamət Süleymanov son zamanlar Azərbaycanda baş verən çoxsaylı intihar hadisələrinə də münasibət bildirib: “Azərbaycanda intihar hadisələrinin sayı çoxalıb. Bu barədə demək istəyirəm ki, intihar böyük günahlardandır. İslam dini də bunu pisləyir. Hətta hədislərdə bildirilir ki, kim özünü necə öldürərsə, o cür də Qiyamət günü əzab çəkəcək. Peyğəmbərimiz isə bildirir ki, intihar edənlər əbədiyyən cəhənnəmlikdir. İntihar edən şəxsə müsəlmanlar cənazə namazı qılsalar da, bu, kütləvi şəkildə qılınmır. Çünki əməl pisdir. Əməlin pisliyinə görə də cənazə namazı toplu halda qılınmır. Bu baxımdan, intihar edənlərin doğru addım atmadıqlarını bildirirəm. İslamda qeyd etdiyim kimi, intihar haramdır və böyük günahdır. İndi belədir ki, insan problemlərdən bezir və özünü öldürür. Maraqlı da budur ki, digər tərəfdən islam adı ilə də intihar edənlər var. Bunların heç biri doğru deyil. İslamın adından bu kimi işlərdə istifadə etmək olmaz. Belə əməlləri İslam qadağan edir”.

Q.Süleymanov son zamanlar ölkədə dini müstəvidə baş verən hadisələrə, həbslərə də münasibət bildirib. O söyləyib ki, istənilən formada qarşıdurmanın əleyhinədirlər: “Ümumiyyətlə, biz, qarşıdurmanın əleyhinəyik. Yəni əsas məsələ ölkədə əmin-amanlığı qorumaqdır. Bunu etmək lazımdır. Nə bu əmin-amanlığa, sabitliyə qarşıdırsa, biz də onun əleyhinəyik”.

Nardaran hadisələri zamanı saxlanılan və hazırda həbsdə olan Taleh Bağırzadə barəsində sualımıza cavab olaraq isə Q. Süleymanov bildirdi ki, onlarla əlaqəsi yoxdur: “Biz, ümumiyyətlə, kim hakimiyyətə qarşıdırsa, buna aid fikirlər söyləyirsə, onu dəstəkləmirik. Həmin adamın əleyhinəyik, vəssalam”.

Avqust ayında Yardımlı rayonunda saqqalını qırxmağı tələb etdiyi üçün atasını öldürən 17 yaşlı şəxs barəsində də Q. Süleymanovun fikrini aldıq. Xatırladaq ki, həmin zaman yayılan xəbərlərdə atasını öldürən Qaçay adlı şəxsin sələfi olduğu bildirilmişdi.

Q. Süleymanov hadisədən xəbərsiz olduğunu dedi: “Ancaq atanı öldürmək böyük günahdır. Ataya toxunmaq olmaz. Hətta ata kafir olsa belə, ona toxunmaq olmaz. Quran buyurur ki, əgər sizin valideynləriniz sizə Allaha şərik qoşmağı əmr edirsə, onlara bu məsələdə tabe olmayın. Ancaq onlarla yaxşı davranın. Diqqət edin ki, hətta o dərəcədə valideynə həssas yanaşılır. Ən böyük günah, Allaha şərik qoşmaqdır. Buyurulur ki, valideyn səni Allaha şərik qoşmağa da məcbur edirsə, sən yenə də ona toxuna bilmərsən, yaxşı davranmalısan, lakin bu məsələdə onlara tabe olmamalısan. Buna görə də saqqala görə ata öldürmək böyük günahlardandır. Lakin bir daha qeyd edirəm ki, bu barədə məlumatı eşitməmişəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.