Qusarda sərxoş diş həkimi xəstəsinin 8 dişini birdən çəkdi

6-08-2015, 13:26           
Qusarda sərxoş diş həkimi xəstəsinin 8 dişini birdən çəkdi
"Fürsəti fövt eyləməz aqil, məgər nadan ola..."

Əyyami-qədimdə, təxminən iki əsr əvvəl Bakıda yaşadığı deyilən baqqal Hacı Rüstəm belə deyərdi. O Hacı Rüstəm ki, günlərin birində gedər ağrıyan dişini çəkdirməyə, ona da deyərlər ki, bəs dişin birinin çəkilməsi bir abbasıdır. Yəni 20 qəpik. Amma iki diş çəkdirsə, qiymət 17 qəpiyə düşür. Hacı Rüstəm də xeyli tamahkar və bir o qədər də hiyləgər adam olduğundan, qənaət fikrinə düşür, 6 dişini çəkdirir və sonra da deyir: "Dişimi bir abbasıya çəkməyə razı olmadı, mən dişin birisini ona on yeddi qəpiyə çəkdirdim. Bundan sonra qiyamətədək Hacı Rüstəm onun yadından çıxmaz".

Əbdürrəhim bəy Haqverdiyevin "Diş ağrısı" hekayəsindəki vaqeə indi Azərbaycanda təkrarlanıb.

Qusar rayonunda sərxoş kişi ağrıyan dişini çəkdirmək üçün stomatoloq yanına gedir. Həkimə həmin dişin çəkilməsini xahiş edir. Sən demə, diş həkimi özü də sərxoş olur və həmin xəstənin 8 dişini çəkir. Sərxoş xəstə səhər ayılanda dişlərinin çıxarıldığını görüb birbaşa polisə müraciət edir. Həkim tutularaq barəsində cinayət işi başlanır.

O, Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə (127-ci) maddəsi ilə azadlıqdan məhrum edilir.

Qusar Rayon Polisindən faktı təsdiqləsələr də, həkimin və zərərçəkmişin adını öyrənmək mümkün olmayıb (milli.az).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.