Yas məclisləri məsələsi yenidən müzakirədə

29-11-2019, 11:17           
Yas məclisləri məsələsi yenidən müzakirədə
“Tanınmış ictimai dövlət xadimləri və milli qəhrəmanları çıxmaq şərti ilə, yas mərasimləri eyni səviyyədə olmalıdır” fikri mübahisə yaradıb
“Tanınmış ictimai dövlət xadimləri və milli qəhrəmanları çıxmaq şərti ilə, yas mərasimləri eyni səviyyədə olmalıdır. Artıq respublikanın əksər rayonlarında bu məsələ öz həllini tapıb. Bakıda bu məsələlərin yoluna qoyulması ilə bağlı işlər gedir”. Bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. O, bir daha vurğulayıb ki, zənginliyinə və kasıblığına fərq qoyulmadan yas mərasimləri eyni səviyyədə olmalıdır. Siyavuş Novruzov həmçinin bildirib ki, yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki formasını artıq müəyyənləşdiriblər. ‘’Birinci forma odur ki, bunun qarşısının qanunla sərt şəkildə, digəri isə təbliğat yolu ilə alınmasıdır. Hələlik bu məsələdə təbliğat yoluna üstünlük verilir. Təbliğatla bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur". deyə millət vəkili qeyd edib.

Siyavuş Novruzov onu da bildirdi ki, bununla bağlı artıq respublikanın əksər rayonlarında bu məsələ öz həllini tapıb.

Xatırladaq ki, bir neçə ay öncə Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında yas mərasimləri ilə bağlı dəyişikliklərin olacağı barədə anons vermişdi. O, uzun-uzadı yas məclislərinin insanların iş rejiminə təsir göstərdiyini, paytaxt Bakıda ehsan verilərkən israfçılığa yol verildiyini diqqətə çatdırmışdı: “Naxçıvan Muxtar Respublikasında bu məsələ bütövlükdə həll olunub və artıq ənənə şəklini alıb. Bir dəfə ehsan verilir, o da 3 mərasimində, özü də bir saat müddətində. Həmçinin orada bir cür yemək ola bilər. Meyvə, digər nemətlər masaya qoyula bilməz. Ehsan masasında çay, limon, xurma, halva ola bilər.

Bunlar da ehsan sayılır. Azərbaycanın bəzi ərazilərində də məsələlər yoluna qoyulub. Amma bəzi yerlərdə bu ənənəni pozurlar. Yəqin ki, biz bu kimi hallarla mübarizə məqsədilə addımlar atacağıq. Xüsusilə Bakı şəhərində. Elə yerlər var ki, qazanc məqsədilə istifadə edirlər və insanlar arasında fərq yaranır. Hansı ki, insanlar arasında fərq olmamalıdır, hamı bərabərdir”.

Mövzu ilə bağlı deputat Fazil Mustafa “Yeni Müsavat”a danışıb. Deputat həmkarının fikri ilə razılaşdığını deyib: “Hesab edirəm ki, doğrudan da milli qəhrəmanlar, tanınmış ictimai xadimləri ayırmaq lazımdır. Bu, doğru qərardır. Hər halda, bu məsələlər müzakirə olunmalıdır. Amma bütün hallarda mən də razıyam ki, yas mərasimləri sadələşdirilsin”.

ADP sədri Sərdar Cəlaloğlu isə ehsan mərasimlərinə müdaxilə olunmasının yolverilməz olduğunu bildirdi:

“Ümumiyyətlə, yas mərasimləri İslam dininə, adət-ənənlərə uyğun keçirilməlidir. Din dövlətdən ayrıldığı üçün siyasətçilərin bu məsələyə qarışması, millətin adət-ənənələrinin dəyişdirilməsi, müdaxilə edilməsi yolverilməzdir. Siyavuş Novruzovun son açıqlamasına gəldikdə isə ölüm də imtiyaz deyil ki, Allah qarşısında hər kəs bərabərdir. İndi necə olsun ki, Milli Qəhrəmana, ictimai xadimə ehsan verək, amma adi vətəndaşa yox. Hər bir vətəndaşa onun öz ölüsü qəhrəman, görkəmli şəxsiyyətdir. Ona görə də bu fikirləri yanlış hesab edirəm”.


Sosioloq Əhməd Qəşəmoğlu isə məsələyə bu cür mövqe bildirdi: “İslamın qoyduğu qaydaya görə ölən insanın qarşısında borcumuz əsasən budur ki, cənazə qaydalara uyğun yuyulsun, kəfənlənsin, cənazə namazı qılınsın, dəfn olunsun. Yerdə qalan şeylər insanların öz uydurduqlarıdır. Əslinə qalsa, heç bir İslam qaydaları ehsanı və digər məsələləri tələb etmir. Ona görə fərq qoymağı məqsədəuyğun hesab etmirəm. Çünki insan dəfn olunduqda əhali arasında ona olan hörmətlə seçilir. Yaxşı insan olduqda hamı onun ölümünə heyfsilənir, yanır, ona rəhmət oxuyur, böyük insan olduğundan danışır. Elə insan var ki, dünyasını dəyişir, camaat deyir ki, ”insanların canı ondan qurtardı".

Beləliklə, əsas ehsan insanların ölən şəxs barəsində danışdıqları, düşüncəsidir. Buna görə də ölən şəxslər arasında fərq qoymaq yaxşı hal olmazdı. Bunun özündən sonra sui-istifadə edənlər tapıla bilər. Yəni dünyasını dəyişən insanları və yaxud ictimai xadimləri fərqləndirək deyə bir şey yoxdur. Ola bilər ki, bəzi insanlar bundan istifadə edib, daha təmtəraqlı ehsanlar keçirə bilər.

Təmtərağın qarşısını almaq üçün başqa yolunu tapmaq lazımdır, nəinki yemək-içmək məsələsində".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.