"Azərbaycan klassik qaydaları pozur" - Adama nə qədər deyərlər əl çək bu xırda-xuruş alverdən
6-12-2020, 13:59

Kanalların birində balıqçı müsahibə verir. Müxbir soruşur ki, balığı neçəyə verirsiz. Balıqçı deyir ki, “ötənilki qiymətə. Bəs, ötən il balıq az idi, bu il çoxdur”. Ticarətin qaydası belədir ki, bir məhsul bol olanda qiyməti də düşür. O balıqçı ticarətin klassik qanununu pozdu, adını tarixə yazdırdı. Nəinki o, bütün Azərbaycan ticarətçiləri. Yəni, dünya dənizləri, çayları istiqamətini dəyişib Azərbaycana axsa da, küləklər dünya vətəgələrinin balığını ölkəmizin başına töksə də, dünyanın ticarət birjaları balığın qiymətini aşağı endirmək barədə tövsiyyələr versə də, Azərbaycan balıqçısı qiyməti aşağı salmayacaq, deyəcək ki, “mənim sabit qiymət siyasətim belədir ki, ötən il neçəyə vermişəmsə, o qiymətə satıram, dirəşmişəm, mən ticarət qaydalarını fırlamıram, kişinin sözü bir olar”.
Bax, beləcə, Azərbaycan klassik qaydalara əməl etməyi xoşlamır, öz naxışlarını vurmasa, ürəyi partlayar, öz qaydalarını o qaydalara yeritməsə yerinə qor düşər. Məsələn, elə götürək bizim bu Makentoşu. Adama nə qədər deyərlər əl çək bu xırda-xuruş alverdən. Tutaq ki, Makentoş milyonçudur. Ömür boyu arzulayıb ki, pulunu balta kəsməsin, qəşəng qadınlarla gəzsin, bahalı maşınlarla fırlansın, bahalı villaları göz dağı olsun. Bizim milyonçunun əsas konsepsiyası bu 3 bəndlə kifayətlənir. Qadın, maşın, villa. Qadının birindən bezib təzəsini axtarır, maşından bezib yenisini axtarır, villa da elə. Bir məşuqəyə maşın, digərinə villa. Və beləcə bunu həyat zövqü hesab edir. Yəni, insan övladının ibtidai icma quruluşundakı ilkin insan beyni konsepsiyanın 3 bəndi ətrafında fırlanır. Amma klassik milyonçuluq qaydası necədir? Milyonçu qadın, maşın, villa arzusunu reallaşdırır, gözü doyandan sonra antikvar əşyalar alır, sonra hansısa məktəbə, teatra, yaradıcı quruma sponsorluq edir, bir sözlə yenilənir bu adam. Ancaq bizum milyonçu deyir “yox e, mən dirəşmişəm, qadın, maşın, villa. Bir də xeyir-şərdə yuxarı başda oturmaq”.
Biz hətta kənardan kulinariyamıza daxil olan xörəkləri də dəyişirik. Rus borşun qaydasını belə edib ki, dietik olsun, kələm, su və kartof. Azərbaycan xanımı ona öz əlavələrini edib dietik xörək konsepsiyasından çıxarıb: kələm, çuğundur, kartof və içi ilikli sümük, iri ət parçaları. Biz neylədik, onu ilkin varlığından çıxardıq, borşa başa saldıq ki, sən pəhriz xörəyi ola bilməzsən, sən yalnız bizdə öz dietik keçmişinlə fəxr edə bilərsən, ilkin yaranışını kulinariya muzeylərində gözlərin yaşara-yaşara izləyərsən, biz səni yaranışına peşman etdik. Sənin qələtin ondadır ki, sən ayağını bura basdın.
Bizim öz qanunlarımız var. Bizə yalnız istinad nöqtəsinin yerini deyin ki, dünyanı tərsə-mayallaq çevirək. Yalnız göstərin və kənara çəkilin, görün qağa nağaracaq.
Azər Məmmədov,