16 saylı xəstəxananın baş həkimi Vaqif Nuriyevdən şikayət - Oqtay Şirəliyevə

13-02-2016, 23:49           

Pirallahı rayonu Cilov qəsəbəsi Dənizçi küçəsi 53-də yaşayan Hüseynov Rüstəm Həsən oğlu, 16 saylı birləşmiş xəstəxananın baş həkimi Vaqif Nuriyevdən Arqument.Az-a şikayət məktubu yollayıb. Şikayətçi səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.

O, Cilov qəsəbəsində yerləşən 16 saylı birləşmiş xəstəxananın rəhbəri (baş həkimi) Vaqif Nuriyevin özbaşınalığından bəhs edərək yazır: "Vaqif Nuriyevin rəhbərlik etdiyi xəstəxanada törətdiyi əməllərinə heç cür göz yummaq olmur. Birincisi, Vaqif Nuriyev bütün qohum-əqrabasını bu xəstəxanaya toplayıb: həyat yoldaşını, qardaşını, bibisini, bibisi oğlunu, bibisinin gəlinlərini və bir çoxlarını - adları çəkilənlər və çəkilməyənlər.

Xəstəxananın ştat cədvəli o, qədər genişdir ki, bunun harada və kimlər tərəfindən təsdiq edildiyi bilinmir. İllərdir, heç bir xəstəsi olmayan bu xəstəxanaya bu imkanları yaradan görəsən kimlərdir?! Hər halda araşdırma aparılarsa, bu məsələyə aydınlıq gətiriləcək".

Xəstəxananın ən azı 50 nəfərdən artıq personalı var...

"Xəstəxananın ən azı 50 nəfərdən artıq personalı var. Xatırladım ki, burada əmək haqqı 500-600 manat civarındadır. Təqaüdə çıxanlar, ixtisara düşənlər V.Nuriyevin rəhbərlik etdiyi bu xəstəxanaya üz tuturlar. Üz tutanların hamısı V.Nuriyevin qoyduğu şərtlər əsasında işə qəbul olunurlar. Sonrakı dövrlərdə isə, işçilərin işə davamiyyəti araşdırma tələb edir. Bu çox asan məsələdir. Cilov qəsəbəsinə getmək və qayıtmaq ancaq dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Gəmiyə buraxılış və geri qayıtmaq üçün dispetçerlərin xüsusi tərtib etdiyi siyahılar əsasında həyata keçirilir. Xəstəxananın işçi qrafikini götürsək və dispetçerlərin gediş və qayıdış siyahılarını uzlaşdırsaq, hər şey aydın olacaq. Xatırladım ki, burada iş rejimi vaxt rejimi əsasında həyata keçirilir. V.Nuriyevin bu və ya digər özbaşınalıqlarından Xəzər rayon səhiyyə şöbəsinə dəfələrlə şikayətlər edilib. Təəssüflər olsun ki, şöbədən heç bir reaksiya verilmir. Bir şeyi də nəzərinizə çatdırım ki, V.Nuriyevin xüsusi fitri istadadı var. O gələn komissiyaları elə formada yola salır ki, hamı ondan razı gedir. İnanıram ki, bu dəfə belə hadisə təkrarlanmayacaq", - vətəndaş yazır.

"Dövlətin əmlakından özünə ev tikib"

"Xəstəxananın təmiri üçün ayrılmış materialların təyinatı üzrə işlədilməməsi V.Nuriyevin dırnaqarası məharətindən xəbər verir. Onun Cilov qəsəbəsində çörək bişirmə sexinə bitişik yerdə özünə ev tikdirməsi həmin materialların ora sərf olunmasından xəbər verir. Xatırladım ki, adı çəkilən tikili bir neçə dəfə qrumlar tərəfindən sökülmüş və bütün bunlara baxmayaraq V.Nuriyev evi tikməyə nail olmuşdur", - o bildirir.

Şikayətçi bildirir ki, xəstəxananın fəaliyyəti bərbad haldadır: "Axı xəstəxananın mövcudluğuna baxmayaraq, bu xəstəxanaya nə müraciət edənlər var, nə də ki, xəstəlik kağızı alanlar. Hazırda evin tikilməsi tamamlanmaq üzrədir. Hər dəfə söküntü aparılarkən nə qədər tikinti materialları israf olunmuşdur. V.Nuriyev bütün bunlara baxmayaraq işlərini davam etdirmişdir. Çünki bu vaxta qədər V.Nuriyevə gözün üstə qaşın var deyən olmamışdır. İnanıram ki, sizə müraciətimdən sonra bu dəfə belə olmayacaq. Onun yuxarıda sadalanan neqativ hərəkətlərinə lazımı qiymət veriləcəkdir. Son bir ildə V.Nuriyevin ayrı-ayrı vəzifələrə işə götürdükləri isanların sayına gəldikdə burada qaranlıq məqamlar var və araşdırma tələb edir. Ştat cədvəlini günü-gündən böyütmək hansı məntiqə söykənir?"

"Qəsəbədə Mərkəzi Neftçilər xəstəxanasının bir şöbəsi fəaliyyət göstərir. Qəsəbədə yaşayanların böyük əksəriyyəti neftçi olduğundan lazım gəldikdə ora müraciət edirlər. Bir müddət xəstəlik vərəqəsi satmaqla məşğul olan V.Nuriyev artıq o işinin sonuna çatdı. Qəsəbədə yerləşən istehsalat birlikləri V.Nuriyevin əsassız satdığı xəstəlik vərəqələrini tanımır. Necə deyərlər, bazar bağlandı.

Qəsəbədə V.Nuriyevin təşəbbüsü ilə bir aptek açılıb. Oranın işçisi V.Nuriyevin işə götürdüyü şəxslərdəndir. Ən maraqlısı isə dərmanların haradan gətirilməsi və qiymətlərin kimlər tərəfindən təyin edilməsidir. Dərman pereparatlarının gətiriməsindən ötəri tərtib edilmiş qiymətlərdə də bunlar öz əksini tapacaqdır.

Müraciətlərim V.Nuriyev barəsində davam edəcək. Həm sizlərə, həm də başqa təşkilatlara. Xahiş edirəm şikayətimi baxılması üçün Xəzər rayon səhiyyə şöbəsinə göndərməyəsiniz. Çünki, həmişə olduğu kimi baş həkimə yaxın adamlar onun işinin üstünü ört-basdır edəcəklər. Vaqif Nuriyevin son bir ilki fəaliyyəti yoxlanılsa, dəhşətli faktlar üzə çıxacaq", - Hüseynov yazır.

Qeyd edək ki, müraciətdə kifayət qədər ciddi ittihamlar var. Ona görə də müraciəti müəyən ixtisarlarla dərc eləyirik. Həmin ciddi ittihamlarla bağlı isə araşdırmalarımız davam edir.

Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.