Azərbaycanlı kadet Qara dənizdə itkin düşüb

12-08-2021, 19:53           
Azərbaycanlı kadet Qara dənizdə itkin düşüb
Azərbaycan vətəndaşı Turan Nəsirzadə Qara dənizdə ONEY-Z quru yük gəmisində itib.

23 yaşlı Nəsirzadə “ONEY Şippinq komponi” ilə 18 may 2021-ci ildə imzalanan müqaviləyə əsasən, ONEY-Z gəmisində kursant olaraq dənizə çıxıb.

Atası, hazırkı dəniz zabiti Teymur Nəsirzadə Turan -a bildirib ki, şirkətin nümayəndəsi Mehmed adlı bir Türkiyə vətəndaşı avqustun 7-də saat 17 radələrində zəng edib və fırtına zamanı Turanın gəminin bortundan yıxıldığını və boğulduğunu söyləyib. Şirkət nümayəndəsinin sözlərinə görə, hadisə 7 avqustda İstanbul vaxtı ilə 09.40-da baş verib. Gəmi kapitanı dərhal SOS siqnalı göndərdiyini də bildirib. Ancaq Teymur Nəsirzadə agentliyə deyib ki, SOS siqnalının İstanbul vaxtı ilə saat 13.51-də göndərildiyinə dair dəqiq məlumata malikdir.

Turan agentliyi avqustun 7 -nə olan hava proqnozu ilə tanış olub. Gəminin yerləşdiyi bölgədə 3 baldan çox olmayan bir güclə mülayim bir şimal küləyinin əsdiyi diqqət çəkir. Bu, fırtına deyil.

ONYE-Z komandasının üzvü, dənizçi Xəlil Məmmədovun ifadəsi ziddiyyətli görünür. "O, mənə Turanın gəminin burnu tərəfə getdiyini, ayaqqabısının qaytanını bağlamaq üçün əyiləndə huşunu itirdiyini və bortdan düşdüyünü bildirdi. Təxminən on beş dəqiqə suda qalıb və sonra itib”, - deyə T.Nəsirzadə bildirib.

"Niyə kömək edilmədiyini soruşdum. Necə ola bilər ki, xarici göyərtə barmaqlığı olan halda bortdan kənara yıxılsın. Cavab olaraq qaranlıq və duman olduğunu söylədi. Amma qaranlıq və dumanlı olsaydı, Məmmədov Turanı 15 dəqiqə necə müşahidə edə bilərdi?”, - deyə Nəsirzadə soruşur.

O, gəminin Bosfor boğazından keçərkən İstanbulda saxlanıldığını və ekipajdan ifadə alındığını da söyləyib. Hadisə beynəlxalq sularda baş verdiyinə görə cinayət işi açılmayıb.

"Oğlum mənə gəminin heyətinin 13 ekipaj üzvündən ibarət olduğunu, amma əslində 8 nəfər olduğunu demişdi" deyə Nəsirzadə bildirib.

Kursantın gəmidə təcrübəçi olduğunu nəzərə alsaq, onun dəniz administrasiyasının tələblərinə uyğun olaraq hərəkətləri və iş saatları tam hüquqlu ekipaj üzvləri ilə müqayisədə məhduddur. Bununla birlikdə, komandanın məhdud tərkibi, əmək qaydalarının pozulması ehtimalını artırır. Bu isə fövqəladə hadisə ilə nəticələnib.

Hadisə ilə əlaqədar olaraq Teymur Nəsirzadə Azərbaycanın Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə, Beynəlxalq Dəniz Təşkilatına kömək istədi.

“ONEY Şippinq komponi” Seyşel adalarında qeydiyyatdan keçib və ONEY-Z Panama bayrağı altında üzür..

Bakı vaxtı ilə saat 15.30 -a qədər gəmi Mərmərə dənizindəki TUZLA ANÇ TR limanında idi.

ONEY Z (IMO: 9013012), 1991 -ci ildə (30 il əvvəl) inşa edilmiş və Panama bayrağı altında üzən Ceneral Karqodur.

Onun yükqaldırma qabiliyyəti 1,686 dedveyt, cari suya oturma dərəcəsi isə 4,1 metrdir. Ümumi uzunluğu (LOA) 79,1 metr və eni 10,5 metrdir.-0-












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.