Azərbaycanın bu şəhər və kəndlərində sakinlər çörəyi talonla almağa başladı?.. - FOTO
24-08-2023, 17:46

Azərbaycan Respublikası Xocavənd rayonunun Rusiya “sülhməramlı” kontingentinin müvəqqəti(!) nəzarətdə saxladığı hissəsindəki separatçı-terrorçu rejimin faktiki işğalı altında qalan Xocavənd şəhəri, Çartar, Qırmızı Bazar qəsəbələri, Sos, Qarakənd və Kiş kəndlərindəki haykların dünən - avqustun 23-dən guya çörəyi talonla almaları haqda məlumat yayılıb.
TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda Tert.am informasiya yayıb.
Xocavənd rayonunun faktiki “Martuni” adlanan hissəsinin qanunsuz “administrasiya rəhbəri” Hunan Hayrumyan erməni müxbirlə söhbətində belə deyib:
“Əhalinin sayını və əldə edilmiş taxıl məhsulunun kiçik ehtiyatlarını nəzərə alaraq belə qərara gəldik ki, undan qənaətlə istifadə etməliyik. Talonda ailə başçısının adı, verilən ailə üzvlərinin sayı və veriləcək çörəyin miqdarı göstərilir. Çörəyin kütləsini nəzərə almışıq. 3 nəfərə qədər üzvü olan ailəyə gündəlik iki çörək, 7 nəfərdən ibarət ailəyə 6 çörək, 8 nəfərdən ibarət ailəyə 7 çörək veririk”.
Zəruri şərh:
Deyilənlərin nə dərəcədə gerçək olduğunu bilmirik. Amma bütün hallarda Qarabağdakı haykların çoxu 1990-1991-ci illərədək Azərbaycanın tərkibində yaşadıqlarından qat-qat aşağı sosial durumda yaşayırlar.
Və bunlar hamısı indi yenə himayəsinə sığındıqları Moskvanın dəstəyi ilə “həyata keçirilən” paslanmış “Miatsum”, “müstəqil Artsax”, “Böyük Ermənistan” xülyalarının nəticəsidir... Eyni zamanda Azərbaycanın 44 günlük müzəffər savaşından sonra yenə də o Rusiyanın təhriki ilə ölkəmizlə inteqrasiyadan qaçmağın... Bir sözlə, hayklar çörəyimizin qədrini bilmədiklərindən çörəksiz qaldılar...