İsrail-Həmas müharibəsi: İsrail ordusu Qəzzada tanklarla “hədəflərə hücum” edib
27-10-2023, 10:04

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, gecə ərzində tanklardan istifadə edərək Qəzzanın şimalında "hədəflərə reyd" həyata keçirib.
Cümə axşamı günü əməliyyatın videosunu paylaşan bir yazıda, basqının "döyüşün növbəti mərhələlərinə hazırlıq" çərçivəsində həyata keçirildiyi və "çoxsaylı terror hücrələrinə, infrastruktura və tank əleyhinə raket buraxılış məntəqələrinə zərbələr endirildiyi" bildirilib.
“Əsgərlər bundan sonra bölgəni tərk edərək İsrail ərazisinə qayıdıblar”, - IDF elan edib.
Daha əvvəl baş nazir Benyamin Netanyahu televiziya ilə çıxışında ordunun hələ də qurudan hücuma hazırlaşdığını deyib, lakin dəqiq vaxt ifadə etməyib.
İsrail ötən həftə Fələstin ərazisi olan Qəzza şəhəri və digər şimal bölgələrinin 1,1 milyon sakinini öz təhlükəsizlikləri üçün tərk etmələrini istəyib, onları Qəzza zolağının cənubuna getməyə çağırıb.
Lakin BMT-nin yüksək səviyyəli rəsmisi BBC-yə bildirib ki, Qəzzanın şimalında evlərini tərk edən bəzi fələstinlilər cənubda vəziyyət pisləşdikcə geri qayıtmağa başlayıblar.
İsrail-Fələstin münaqişəsi sonuncu dəfə oktyabrın yeddisində Həmasın İsrailə hücumu ilə alovlanıb və sonra İsrail Qəzzanı bombalamağa başlayıb, qurudan hücuma hazırlaşmaq üçün sərhədə qoşun toplayıb.
Bu gündən Qəzzada yanacaq tükəndiyi üçün xəstəxanalar təcili yardım xidmətləri istisna olmaqla bütün işləri dayandırır.
İsrail yanacağın Qəzzaya çatmasını əngəlləyib və Həması yanacaq ehtiyatı saxlamaqda ittiham edib.
BMT Qəzzadakı humanitar təşkilatının da yanacaq çatışmazlığı ilə üzləşdiyini bildirib və bunun nəticəsində yaxın saatlarda fəaliyyətini dayandırmalı ola biləcəyini bildirib.
BMT-nin baş katibi Antonio Guterres çərşənbə axşamı İsrail və Həmas arasında müharibə ilə bağlı verdiyi açıqlamaya reaksiyadan "şok" olduğunu deyib.
Antonio Guterres dünənki çıxışında "Fələstin xalqının 56 ildir boğucu işğala məruz qaldığını" deyib və Həmasın hücumunu bunula əlaqələndirib. Baş katibin sözlərindən sonra İsrail diplomatları onun istefasını istəyib.
Qəzzada Həmasın idarə etdiyi səhiyyə nazirliyi bildirib ki, oktyabrın yeddisindən bəri İsrailin bombaladığı ərazilərdə təxminən 6500 nəfər həlak olub.
Oktyabrın yeddisində gözlənilmədən Həmasın İsrailə ilk hücumları nəticəsində 1400-dən çox insan həlak olub, 200-dən çox insan hələ də Qəzzada girovluqdadır.
Bu gününü sonunda Avropa İttifaqı liderlərinin təcili humanitar yardımın keçməsini asanlaşdırmaq üçün hazırkı döyüşləri dayandırmağa çağıracağı gözlənilir.
Ümumdünya Səhiyyə Təşkilatı Həması bütün girovları tibbi səbəblərə görə azad etməyə çağırıb.