ŞAHRAMANYANA KORTEJLƏ GƏZMƏK QADAĞAN OLUNDU – Separatçı qurumun “başçıları” istintaqa çağırıldı

29-12-2023, 00:06           
ŞAHRAMANYANA KORTEJLƏ GƏZMƏK QADAĞAN OLUNDU –
Nikol Paşinyan hökuməti özünü buraxaraq Qarabağdan qaçan sabiq qondarma qurumun başçılarına qarşı tədbirlər görməyə başlayıb.
Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyinin patrul dəstələri qondarma qurumun son “prezidenti” Samvel Şahramanyanın avtomobil kortejini saxlayıb. Polis əməkdaşları Şahramanyana bildiriblər ki, qanuna görə onun kortejlə, silahlı cangüdənlərin müşayiətilə gəzmək hüququ yoxdur.

Ermənistan Daxili İşlər Nazirliyi bu məlumatı təsdiqləyib və qeyd edib ki, sözügedən şəxslər yol hərəkəti qaydalarını pozduqlarına görə saxlanılıblar. Onlara hələ ki, protokol tərtib edilməsə də, xəbərdarlıq olunub.

Bu arada Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) İrəvana qaçmış Qarabağ separatçılarının keçmiş liderlərini sorğu-suala çəkməyə başlayıb. Bunu da “Hraparak” qəzeti yazıb.

Qəzetin mənbələrinin bildirdiyinə görə, onlara qarşı bütün bu təzyiqlər qondarma qurumun ləğvinin mümkünsüzlüyünə dair ictimai çıxışları ilə bağlıdır. MTX-ya dəvət olunanlar arasında Artak Beqlaryan, Vladimir Qriqoryan, Qaqik Baqunts da var.

Xatırladaq ki, Paşinyan başda olmaqla, Ermənistan hakimiyyətinin təmsilçiləri İrəvanda qondarma qurumun “idarəetmə institutları”nın mövcudluğunu Ermənistanın təhlükəsizliyi üçün ciddi təhdid olduğunu bəyan ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.