Gürcülər deyir ki, Rusiyanın onlara qarşı törətdikləri Ukraynaya xəbərdarlıq olmalı idi

27-06-2024, 16:14           
Gürcülər deyir ki, Rusiyanın onlara qarşı törətdikləri Ukraynaya xəbərdarlıq olmalı idi
Gürcüstandakı fəallar 1990-cı illərin əvvəllərində işğalçı rus qoşunları və müttəfiq silahlı birləşmələrin törətdiyi vəhşilikləri vurğulamağa çalışır. Onların fikrincə, bu, Moskvanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən xeyli əvvəl Rusiyanın yaratdığı təhlükələr barədə xəbərdarlıq olmalı idi.

1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağılarkən Gürcüstan müstəqilliyini elan etdi.

Rusiya ilə həmsərhəd Abxaziya və Cənubi Osetiya bölgələrində etnik azlıqlarla gərginlik yaşandı. Gürcülərin çoxu deyir ki, Moskva bu gərginlikdən münaqişəni qızışdırmaq üçün istifadə etdi.

"Buçadan Əvvəl Abxaziya" kampaniyasının təsisçisi Tamar Çerqolişvili bu müharibədə Rusiyanı təqsirləndirir. "Gürcüstanda etnik münaqişələr və vətəndaş müharibəsi kimi damğalanan müharibələr başladı. Amma faktiki olaraq, bütün qarışıqlıqları, müharibələri, qan tökülməsini Gürcüstanı parçalamaq, yeni müstəqil dövlətin həqiqi müstəqil, həqiqi suveren olmasına, Qərb demokratik dünyasının üzvü olmasına imkan verməmək üçün məhz Rusiya təşkil edirdi".

Rusiya bunu inkar edir və bu bölgələrə sülhməramlılardan ibarət qoşun göndərdiyini təkid edir.

1989-cu ildən 1994-cü ilə qədər separatçılarla gürcülər arasında baş verən qarşıdurmada təxminən 10 mindən 30 minə qədər insan həlak olub, 200 mindən çox insan evlərini tərk etməyə məcbur olub.

Münaqişədən sağ çıxanlar deyirlər ki, çoxsaylı vəhşiliklər yerli silahlı separatçılar, digər milis qrupları və onların Rusiya müttəfiqləri tərəfindən törədilib. Taliko Zarandiya qonşusunun oğlunun öldürülməsini xatırlayır. "Silahlılar gəlib canavar kimi üstümüzə hücum etdi. Uşağın yanına gəlib neçə yaşında olduğunu soruşdular. Cavab verdi ki, on beş yaşım var. "Onda 15 gülləyə layiqsən" deyə cavab verdilər. Sonra onun başına on beş dəfə atəş açdılar".

Rusiya vəhşiliklər törətdiyini inkar edir. Amma Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Abxaziyada baş verənləri etnik təmizləmə kimi qələmə verir.

Sağ qalanların kədərli hekayələri Rusiyanın 2022-ci ilin fevralında baş verən genişmiqyaslı hərbi müdaxiləsindən sonra ukraynalıların başlarına gələnləri xatırladır.

Ukraynanın Buça və İrpin şəhərlərində sağ qalanlar oxşar qətllər, zorlamalar və işgəncələri təsvir edir. Çox sayda dəlillərə və kütləvi məzarlara baxmayaraq, Rusiya bütün olanları da rədd edir.

Tamar Çerqolişvili deyir ki, ukraynalı jurnalistlər Gürcüstanda baş verənlərlə bağlı məlumat almaq üçün onunla əlaqə saxlayıb. "Biz hamımız bilirdik ki, Abxaziyada dəhşətli hadisə baş verib, amma bu, çox qaranlıq idi. Heç kim onu bir daha yaşamaq istəmirdi. Ancaq ukraynalılar mənə materialı onlara verməzdən əvvəl gözdən keçirməmi istədilər və mənim tüklərim biz-biz oldu, çox utandım".

ABŞ və Avropanı gəzən fəallar Gürcüstanda baş verən dəhşətləri təfərrüatlandıran sənədli filmlər və təqdimatlar nümayiş etdirir. Tamar Çerqolişvili: "Rusiyanın hazırda Ukraynaya qarşı tətbiq etdikləri Gürcüstanda unudulmuş qurbanları dünyaya və özümüzə xatırlatmaq üçündür. Bu, Qərbə Rusiyanı Ukraynada indi dayandırmasa, 30 ildən sonra 100 dəfə çox xərc çəkməli olacağı barədə xəbərdarlıq etmək üçündür".

Rusiya 2008-ci ildə Gürcüstanı yenidən işğal etdi. O, Abxaziya və Cənubi Osetiya da daxil olmaqla, hələ də Gürcüstan ərazisinin 20 faizini işğal edib.

Gürcülərin çoxu deyir ki, onların taleyi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsindən xeyli əvvəl onun yaratdığı təhlükələr barədə kifayət qədər xəbərdarlıq idi.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.