Azərbaycanda bu əməliyyat PULSUZ OLDU - SƏBƏB

26-07-2024, 15:54           
Azərbaycanda bu əməliyyat PULSUZ OLDU - SƏBƏB
İcbari Tibbi Sığorta agentliyi xəbər verir ki, hamiləliyi riskli və bir sıra səbəbdən çətin keçirən xanımlar onu dövlət hesabına sonlandıra bilərlər. Bu, hamiləliyin, əsasən, doqquzuncu həftəsinə qədər olan müddəti əhatə edir.

Yeni qərara əsasən hamiləliyin sonlandırılması - abort əməliyyatı icbari tibbi sığorta paketinə daxil edilib və ödənişsiz olacaq.
Bu qərar abort etdirənlərin sayında artım yarada bilərmi?

Ginekoloq Rəşad Sultan Referans.Az-a açıqlamasında abortun ailə planlamasında rolu haqqında danışıb.

“Ümumiyyətlə, aborta hüquqda nəyə görə icazə verilir? Belə deyək, qadının sosial həyatda inkişafına şərait yaratmaq üçün, qadının sadəcə uşaq dünyaya gətirməklə məşğul olmaması üçün, eyni zamanda doğuşun qadın orqanizminə mənfi təsirlərinin, risklərin qarşısını almaq üçün ailə planlaması, hamiləlikdən qorunma deyə anlayış var. Hər hansı bir səbəbdən qadın hamilə qalarsa, yenə də abort etdirməklə hamiləliyin davam etməsinin qarşısını ala bilir”.

Ginekoloq bildirib ki, bu məsələnin həm etik, həm də tibbi tərəfləri mövcuddur. Onlar arasında tarazlığı düzgün balansda saxlamaq mütləqdir.

“Abort etdirmək canlı bir uşağın öldürülməsi deməkdir. Bu işin etik tərəfidir. Digər tərəfdən hamiləliyin sonlandırılması tibbi prosedurdur və işin riskli tərəfləri də var. Buna görə də biz həkimlər abortun tərəfdarı deyilik. Amma bir baxımdan da riskli hamiləlik artıq baş veribsə, hamiləliyi sonlandırmaq ən az riskli seçimdir, keysəriyyə və ya digər seçimlərdənsə”.

Rəşad Sultan deyir ki, bəzi ölkələrdə aborta icazə verilməsinin əsas səbəblərindən biri qadınların bunu tibb müəssisələrindən kənarda etdirmək ehtimalıdır. Çünki bu zaman daha çox ağırlaşmalar baş verə bilər, hətta ana həyatını belə itirə bilər.

“Aborta hüquqi baxımdan icazə verilməsi ilə icbari sığorta tərəfindən maliyyələşdirilməsinin mahiyyəti eynidir. Yəni onsuz da qadın bunu etdirəcək. Eyni zamanda ailə planlaması həm dövlətin, həm cəmiyyətin prioritetidir. Ölkə üzrə qadağan olunmadığına görə də, maliyyələşdirilməyində bir problem yoxdur”.

Fidan Vəlisoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.