Mətbuat katibi xanımı ilə Qarabağ Universitetində çalışmağa GETDİ
4-08-2024, 16:14
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov tutduğu vəzifədən ayrılıb.
TEREF Modern.az-a istinadla xəbər verir ki, Cavid Hüseynov bundan sonra təhsil sahəsindəki fəaliyyətini Qarabağ Universitetində davam etdirəcək.
“Böyük qürur və sevinclə bildirirəm ki, bundan sonra fəaliyyətimə Qarabağ Universitetində rektorluğun əməkdaşı olaraq davam edəcəm. Bu şansı yaratdığına və etimad göstərdiyinə görə başda Qarabağ Universitetinin rektoru Şahin Bayramov olmaqla bütün rəhbərliyə minnətdarlığımı bildirirəm. Bundan sonrakı fəaliyyətimdə də bütün etimadları doğrultmağa çalışacam.
Qarabağın dirçəlməsində və Qarabağ Universitetinin quruculuğunda kiçik də olsa töhfəmin olacağı üçün şadam”, - ADPU-dan ayrılan mətbuat katibi bildirib.
Cavid Hüseynovun sözlərinə görə, Pedaqoji Universitetə 17 yaşında tələbə kimi daxil olub, indi isə 28 yaşında şöbə müdiri olaraq ayrılır. O, ADPU rəhbərliyinə təşəkkür edib.
Yeri gəlmişkən, qeyd edək ki, artıq eks-mətbuat katibi statusuna malik olan C.Hüseynov Qarabağ Universitetində xanımı ilə birgə çalışacaq. Belə ki, onun həyat yoldaşı Ceyla Səmədzadə də ADPU-dakı işindən ayrılaraq Qarabağ Universitetinə keçib. O, Qarabağ Universitetində Tədris şöbəsinin Monitorinq və qiymətləndirmə sektorunun əməkdaşı kimi çalışacaq.