Təbriz həbsxanasında dörd məhkum asılıb
14-08-2024, 15:54
Hüquq-müdafiə qurumlarının yaydığı məlumatlara əsasən, avqust ayının 7-dən bəri İranın müxtəlif həbsxanalarında azı 45 məhkumun ölüm cəzası tətbiq edilib. Onlardan dördü bazar ertəsi günü Təbrizdə edam edilib.
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupunun bildirdiyinə görə, Təbrizin mərkəzi həbsxanasında asılan məhkumların hamısı daha əvvəl qətl aktı ilə əlaqədar edama məhkum olunmuşdular.
İnsan haqları qrupu edam edilənlərin ikisinin Əfqanıstan vətəndaşı, digər ikisinin isə Şərqi Azərbaycan vilayətinin Həştrud şəhərindən Əli Mehdiyan və Qışlaq kəndindən olan Məhəmməd Ənsari Qışlaq olduğunu açıqlayıb.
İranda iyulun 5-də prezident seçkilərinin ikinci turu başa çatdıqdan sonra ölüm cəzalarının icrası yenidən artıb. Aprel ayında rekord həddə çatan edam hökmlərinin tətbiqində mayın 19-da İbrahim Rəisinin ölümündən sonra növbədənkənar prezident seçkilərinin başa çatmasına qədər olan müddətdə nisbi azalma müşahidə olunmuşdu.
IHR avqust ayının 7-də Kərəc şəhərində qətl və qaçaqmalçılıq kimi cinayətlərlə əlaqəli yalnız bir gün ərzində 29 nəfərin edam edildiyini bildirib.
Reuters agentliyinin xəbərinə görə, BMT-nin insan haqları üzrə ali komissarı Volker Turk bu edamların son dərəcə narahatlıq doğurduğunu ifadə edib.