Milli fəal İrəc Paşapurun məhkəmə iclası keçiriləcək
21-08-2024, 16:54
Ərdəbil vilayətinin Germi şəhərində yaşayan azərbaycanlı fəal İrəc Paşapur, məhkəmədən bildiriş alaraq Germi şəhəri Ümumi və İnqilab Prokurorluğunun 1 saylı istintaq şöbəsinə çağırılıb.
Araznews-un yayımladığı məhkəmə bildirişinə görə, Paşapura “İran İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı irəli sürülüb.
İrəc Paşapurun məhkəməsi avqustun 24-də Germi İnqilab Məhkəməsində keçiriləcək.
Bu fəal iyunun 20-də Germi şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bir neçə gün dindirildikdən sonra 500 milyon tümən girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.
İrəc Paşapur həbsindən öncə digər milli fəallarla birlikdə İran Azərbaycanında bəzi siyasi məhbusların ailələrini ziyarət etmişdi.
İrəc Paşapur İran Azərbaycanında ictimai, mədəni, siyasi və insan hüquqları sahəsindəki fəaliyyəti, eləcə də sosial mediada apardığı işlər ilə tanınan fəaldır. O, eyni zamanda xeyriyyəçiliklə məşğul olub, ehtiyacı olanlara və fəlakət bölgələrinə yardım göstərib.