Batan məşhur bankir və həyat yoldaşının cəsədləri tapılıb
23-08-2024, 08:18
İtaliyalı xilasedicilər Siciliya sahillərində lüks yaxtada batan “Morgan Stanley International” şirkətinin direktorlar şurasının sədri Conatan Blumer və onun həyat yoldaşı Cudinin cəsədini çıxarıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Məlumatlara görə, ümumilikdə, beş cəsəd tapılıb. Bundan əvvəl vəkil Kristofer Morvillo və həyat yoldaşı Nedanın cəsədlərinin tapılması faktı təsdiqlənib. Dünən məlum olub ki, britaniyalı iş adamı Mayk Linçin meyiti tanınıb.
Bundan əlavə, Avropa mediası xilasedicilərin Linçin 18 yaşlı qızı Hannanın da cəsədini çıxardığını bildirib. Bununla belə, Britaniya mətbuatı yazır ki, Linçin qızı hələ də itkin hesab edilir və onun axtarışları davam edir.
Qeyd edək ki, 56 metrlik “Bayesian” yaxtası bazar ertəsi səhər Siciliyanın Portiçello yaşayış məntəqəsi yaxınlığında fırtına zamanı batıb. Versiyalardan birinə görə, gəminin dirəyi əvvəlcə sınıb, sonra isə o dayanıqlığını itirərək batıb. Başqa bir versiyaya görə, fırtına səbəbindən qısa müddətdə gəminin üzərinə çox böyük miqdarda su tökülüb və bu səbəbdən də o dibə çöküb.
Göyərtədə ümumilikdə 22 nəfər olub: 10 ekipaj üzvü və 12 sərnişin. Xilasedicilər 15 nəfəri sağ çıxara biliblər. Qəza baş verən gün bir nəfərin meyiti tapılıb.