Məhkəmə milli fəal Behzad Xudabəndəliyə cərimə cəzası verib
28-08-2024, 09:54
Azərbaycanlı fəal Behzad Xudabəndəliyə qarşı iki ittiham irəli sürülüb. O, bir ittiham üzrə cərimələnib, digər ittiham üzrə isə bəraət alıb.
Hüquq müdafiəçiləri məhkəmə qərarının surətini sosial mediada yayıb.
Qərbi Azərbaycan vilayətinin Miyandab (Qoşaçay) şəhərinin 2 saylı Cinayət Məhkəməsi Behzad Xudabəndəlinin sosial şəbəkələrdə "ictimai rəyi çaşdırmaq məqsədi ilə yalan məlumat yaymaq" ittihamı ilə 66 milyon rial cərimə ödəməsi barədə qərar çıxarıb.
Məhkəmənin qərarına əsasən, azərbaycanlı fəala "İran İslam Respublikası əleyhinə təbliğat fəaliyyəti aparmaq" ittihamı üzrə bəraət verilib.
Behzad Xudabəndəli iyun ayında 2 saylı Cinayət Məhkəməsinin 103-cü şöbəsinə çağırılmışdı.
Daha əvvəl o, fevral ayında məhkəməyə çağırılaraq, 300 milyon tümən girov müqabilində zaminə buraxılmışdı.
Bundan əvvəl fevralın 8-də təhlükəsizlik qüvvələri azərbaycanlı fəalı həbs etməyə cəhd göstərmişdi.