Təbriz, Qoşaçay və Qəzvində edam hökmləri icra edilib
28-08-2024, 10:53
İran İslam Resoublikası 2 aydan az müddətdə 100-dən çox ölüm hökmünü icra edib. Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, son bir həftə ərzindəki edamlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Qəzvin, Bəluçistan, Simnan və İsfahan vilayətlərində həyata keçirilib.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həmçinin aralarında İraq və Əfqanıstan vətəndaşlarının da olduğu bir neçə məhkum bu yaxınlarda edam hökmlərinin icrası üçün Təbriz həbsxanasının təkadamlıq kameralarına köçürülüblər.
Yarı-rəsmi İSNA agentliyinə istinadən, Simnan vilayətinin Şahrud şəhərində bir məhkumun edam hökmü bazar ertəsi günü səhər saatlarında ictimaiyyət qarşısında icra edilib. Sözügedən şəxs “qəsdən öldürmək” ittihamı ilə açıq edama məhkum olunmuşdu.
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupunun məlumatına görə, keçən bir həftə ərzində narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar məhkum olunmuş ən az üç nəfər Təbriz, Qoşaçay (Miyandab) və Qəzvin şəhərində dar ağacından asılıblar.
Məhəmməd Dağıstani, Məhəmməd Xalid Cahangiri və Abbas Rəşidi avqust ayının 21-24 günlərində müvafiq olaraq Qoşaçay, Təbriz və Qəzvin şəhərlərinin həbsxanalarında edam ediliblər.
Qətl aktı ilə əlaqədar edama məhkum olunmuş başqa bir şəxsin ölüm hökmü isə bir neçə gün əvvəl Həmədan vilayətinin Nihavənd şəhərinin həbsxanasında icra edilib.
IHR qrupu həmçinin bir Əfqanıstan vətəndaşının şənbə günü İsfahan vilayətində edam edildiyini bildirib.