Yeni "Jaguar" elektromobilinin renderləri vaxtından tez internetə sızdı: Son model necə olacaq?
Dünən, 16:18
Böyük Britaniyanın avtomobil istehsalçısı "Jaguar" öz brendini əsaslı şəkildə yeniləməyə hazırlaşır. İnternetə sızdırılmış yeni "Type 00" elektrik avtomobilinin renderləri isə ictimai marağı daha da artırıb.
Bu barədə Hi-tech.mail.ru nəşri məlumat yayıb.
Məlumata görə, rebrendinqdən sonrakı ilk görüntülər rəsmi anonsdan əvvəl ortaya çıxıb. Avtomobilin rəsmi nümayişi dekabrın əvvəlində keçiriləcək "Miami Art Week" ("Mayami İncəsənət Həftəsi") çərçivəsində planlaşdırılıb. Bununla belə, insayderlər artıq modelin əsas xüsusiyyətlərini açıqlayıblar.
"Type 00" özünəməxsus retro dizayna malik dördqapılı kupedir. Avtomobil uzunluğu, düz xətləri və qapalı radiator barmaqlığı ilə fərqlənir. Kuzov stilistikasında ön və arxa hissələrdə "jalüz" elementləri yer alır ki, bu da ona unikal görünüş bəxş edir. Əsas müzakirə mövzusu isə cəsarətli rəng seçimləri olub: avtomobil çəhrayı və mavi rənglərdə təqdim edilib. Bu, "Jaguar"ın yeni brend identifikasiyasını ifadə edir və müxtəlif reaksiyalara səbəb olub.
"Jaguar" ənənəvi loqotipini də dəyişib. Klassik "tullanan yaquar" yalnız bəzək elementlərində və 2D formatında saxlanılıb, əsas diqqət isə brendin monoqramına ayrılıb. Bu addım şirkətin ultra-lüks seqmentinə və innovativ elektrik avtomobillərinə yönəldiyini göstərir.
Texniki xüsusiyyətlər baxımından "Type 00" diqqət çəkir. Yeni model müxtəlif akkumulyator növlərinə uyğun JEA platforması üzərində qurulub. İki motorlu tam ötürücü sistemi 447 kVt gücündədir ki, bu da avtomobilin yolda yüksək dinamika və stabilliyini təmin edir.
Dizaynda cəsarətli həllər də nəzərə çarpır: avtomobilin yan güzgüləri və arxa şüşələri yoxdur. Əvəzində kuzovun ön hissəsində yerləşən kameralar vasitəsilə görüntüləmə təmin edilir. Bu yanaşma aerodinamikanı yaxşılaşdırır və avtomobilə futuristik görünüş bəxş edir.
Brendin pərəstişkarları və avtomobil həvəskarları sosial şəbəkələrdə yeni məhsulu aktiv şəkildə müzakirə edirlər. Bəziləri qeyri-ənənəvi dizayn yanaşmasını heyranlıqla qarşılayır, digərləri isə "Jaguar"ın istiqamət dəyişikliyinə skeptik yanaşır. İstehsalçı isə rəsmi təqdimatın yalnız avtomobil nümayişi olmayacağını, həm də dəbdəbəli elektrik avtomobillərinə dair yeni baxışı əks etdirən art-instalyasiya ilə müşayiət ediləcəyini vəd edir.