Bəşər Əsəd məsuliyyətə cəlb edilməlidir - Bayden
9-12-2024, 17:24
Əsəd münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib,
ABŞ prezidenti Co Bayden hesab edir ki, Suriya lideri Bəşər Əsəd məsuliyyətə cəlb edilməlidir.
Bunu Bayden Ağ Evdəki çıxışı zamanı deyib.
"Əsəd cavab verməlidir" - prezident qətiyyətlə bildirib.
O həmçinini qeyd edib ki, ABŞ administrasiyası Suriyanın yaratdığı riskləri azaltmaq üçün tərəfdaşlar və maraqlı tərəflərlə işləyəcək.
"ABŞ Suriyadan gələn mümkün təhdidlər fonunda İsrail, İordaniya, İraq və Livanın rəhbərliyi ilə məsləhətləşmələr aparacaq" - Bayden qeyd edib.
Bayden, həmçinin əlavə edib ki, Vaşinqton İŞİD-ə qarşı mübarizəni davam etdirmək niyyətindədir və onun dirçəlməsinə imkan verməyəcək.
Bundan əvvəl Suriyada dövlət televiziyasını ələ keçirən silahlı müxalifət nümayəndələri ölkəyə nəzarəti bərqərar etdiklərini bildirərək efirə çıxıblar. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bir neçə nazirlə ölkədə qaldığını, lakin müdafiə nazirinin harada olduğunu bilmədiklərini deyib. Baş nazir silahlı müxalifətin rəhbərliyi ilə də əlaqə qurduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib. Rusiya isə danışıqlarda iştirak etməyib.
Kremldəki mənbə dekabrın 8-də RİA Novosti-yə bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər. Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib.
Agentliyin həmsöhbəti onu da qeyd edib ki, Rusiya rəsmiləri Rusiya Federasiyasının Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.