Milli fəal Səccad Əlinejad Xoy həbsxanasına köçürülüb
14-02-2025, 17:24
Yanvar ayında Çaypara şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən milli fəal Səccad Əlinejad Xızırlı saxlanıldığı təcridxanadan Xoy həbsxanasına köçürülüb.
Bu barədə Demokratlar və Araz News mediaları məlumat yayıb. Xəbərə görə, Əlinejad Urmiyə şəhərində İran Kəşfiyyat Nazirliyinin təcridxanasından Xoy həbsxanasına köçürülüb.
Onun Urmiyədəki təhlükəsizlik qüvvələrinin təcridxanasından Xoy həbsxanasına hansı tarixdə köçürüldüyü hələlik məlum deyil. Əlinejad yanvarın 27-də Qərbi Azərbaycan vilayətinin Çaypara şəhərində saxlanılıb.
Yayılan məlumata əsasən, məhkəmə onun müvəqqəti azadlığa buraxılması üçün 400 milyon tümənlik girov təyin edib.
Bu türk fəala qarşı irəli sürülən ittihamlar barədə hələlik heç bir məlumat yoxdur.