"Samsung" istifadəçiləri arasında narahatlıq artır. Belə ki, "Android" əməliyyat sisteminin son yenilənməsindən sonra bir çox "Samsung" smartfonunun ekranında texniki nasazlıq yaranıb.
Oxu.Az-ın "SamMobile" texnoloji portalına istinadla verdiyi məlumata görə, xüsusilə "Samsung Galaxy S21 FE" modelində ekran üzərində şaquli yaşıl xətlər əmələ gəlib.
Problemlə üzləşən təkcə bu modelin istifadəçiləri deyil. Digər istifadəçilər, o cümlədən "Galaxy A73" sahibləri də oxşar problemlər yaşadıqlarını bildiriblər. Onların sözlərinə görə, yaşıl xətlər zamanla qalınlaşır və sayı artır.
Bəzi istifadəçilər vəziyyətə ironik yanaşaraq, "Samsung"un hər yeniləməsi ekrana yeni xətt əlavə edir" deyə şərhlər veriblər.
"Samsung" şirkəti hələlik məsələyə rəsmi açıqlama verməyib.