Gəncə universitetində rüşvəti artıq dollarla tələb edirlər - İTTİHAM VAR
6-02-2017, 20:18
Universitetin bir qrup tələbəsi adından redaksiyamıza verilən xəbərə görə, təhsil ocağında tələbələrdən müxtəlif adlarla yığlan rüşvətin dollarla gətirilməsi tələb olunur: “Bu tədris ili başlayandan bütün yığımlar dollarla istənilir. Əvvəllər 50 manat olan rüşvət indi 50 dollar olub. Rüşvətin özü bütövlükdə qeyri-qanunidir, cinayətdir, bu aydın məsələdir. Lakin bunu bir də dollarla, yəni demək olar ki, ikiqat artıq tələb etmək bizi daha da çətin duruma salıb. Qarşıdan qış semestri gəlir, qorxuruq ki, imtahanlar üçün də pulu dollarla istəsinlər, əvvəl 80-100 manat verdiyimiz imtahanlara indi 80-100 dollar verməyə çətinlik çəkərik. Çünki manata çevirəndə bu, azı 150-200 manat deməkdir. Hələ dövlət imtahanını demirik, bizdən əvvəlkilər 600-800 manat verirdilər, yəqin ki, bizdən də 600-800 dollar tələb edərlər”.
AFN portalı olaraq tələbələrin şikayətini haqlı saymamaqla bərabər, bu məlumatı yaymaqda məqsədimizin adı çəkilən müəssisədə baş verənləri ictimailəşdirmək olduğunu bildiririk. Bir ali təhsil ocağında tələbənin təhsil davası aparmalı olduğu aydın məsələdir. Lakin Gəncə Dövlət Universitetində illərdir formalaşan mühit gənclərin məhz bu xarakterdə şikayət etmələri ilə nəticələnib. Bu, təhsil üçün böyük zərbədir desək yanılmarıq. İddiamız heç də o deyil ki, rüşvət faktı təkcə GDU-da mövcuddur. Ölkədə fəaliyyət göstərən digər dövlət və özəl ali təhsil müəssisələrində bu cür neqativlər var. Lakin görünən odur ki, adıçəkilən universitetdə bu hal daha geniş yayılıb. Hətta o səviyyəyə çatıb ki, tələbələr təhsillə məşğul olmaq əvəzinə rüşvətlə mübarizə aparmağa məcbur olurlar. Elə özləri də müraciətlərində belə qeyd edirlər: “Oxuduq-oxumadıq, qiyməti rüşvətlə almağa məcburuq. Odur ki, dollar tələbi universitetdə təhsil alan yüzlərlə gənc üçün ciddi problem yaradır. Sizdən xahiş edirik, bu məsələni ictimailəşdirin ki, aidiyyatı qurumlar da vəziyyətdən xəbərdar olsunlar”.
Tələbələr müraciətlərində Təhsil Nazirliyindən də gileylənirlər: “Nazirliyin qaynar xəttinə zəng edib dərdimizi demək istəyirik, deyirlər ki, mütləq özünüzü təqdim etməlisiz. Bilirik ki, kimliyimiz bilinsə sonra universitetdə “günümüz qara olacaq”. Çünki nazirlik qeyd edilən faktları özü yoxlamaq əvəzinə şikayətləri universitet rəhbərliyinə yönəldir”.
Qeyd edilən müraciət redaksiyamıza daxil olduqdan sonra GDU ilə bağlı kiçik bir araşdırma apardıq. Məlumat üçün bildirək ki, universitet son 5 ildə 3 rektor dəyişib. Hazırkı rektor Yusif Yusibov 2014-cü ildən təhsil ocağına rəhbərlik edir. Onun haqqında mediada o qədər də ürəkaçan məlumatlara rast gəlinmir. Adı tələbələrin etiraz aksiyası keçirməsinə səbəb olan tək-tək rektorlardan biri kimi hallanır. Üstəlik, tabeliyində olan müəllim heyətinin müntəzəm olaraq narazılıq etdiyi rəhbərdir.
Y.Yusibovun universitetə ayrılan vəsaitlərin xərclənməsi üzrə də ciddi nöqsanlarda adı hallanır. Belə ki, aparılan araşdırmaların biri belə bir nəticə üzə çıxarıb. 2014-cü ildə universitet üzrə 13 tenderin ümumi qiyməti 1 016 915 manat olub – əvvəlki ildən 5,77 dəfə çox. 625 514 manat təmir, 90 977 manat abadlıq, 76 700 manat avadanlıq, 74 680 manat inventar, 44 850 manat mətbəə, 41 791 manat dəftərxana, 37 900 manat nəqliyyat vasitəsinin alınması, 24 503 manat da “sair xərclər” aparıb. Əvvəlki illər universitetin heç bir tenderini qazanmayan, dolayısıyla yüksək çinli məmurlardan birinə aid olduğu deyilən “İnstal-Servis” MMC əsaslı təmir işlərini 527 049 manata aparıb. 2015-ci ilin 6 ayı üzrə GDU-da ümumi dəyəri 1 882 199 manat olan 15 satınalmaya dair məlumat var. Bu da əvvəli rektorun xərclədiyindən 10,68 dəfə çoxdur. Əvvəlki illərdə təkrar-təkrar təmir aparılmasına baxmayaraq, bu dəfə də 1 421 294 manatlıq təmir işi “İlqar-MR” MMC-yə həvalə olunub. Bu firmanın da adı şübhəli tender qaliblərinin siyahısındadır. Keçən il üç dəfə, ümumilikdə 1 517 179 manat dəyərində təmir aparılıb, 25 min manata da layihə-smeta işləri görülüb. 68 217 manat inventar, 48 156 manat avadanlıq, 48 729 abadlıq, 34 652 manat dəftərxana və təsərrüfat malları, 23 000 manat mətbəə, 17 000 manat nəqliyyat vasitəsinə sərf olunub, dörd dəfə də “digər xərclər” altında 100 266 manat istifadə edilib.
Yayılan məlumatlara görə, Yusif Yusibov Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusifovun qardaşıdır və maliyyə nazirinin müavini olan Azər Bayramovla həm iş yoldaşı, həm də dostdur. Azər Bayramovun qardaşı Ceyhun Bayramov isə təhsil nazirinin 1-ci müavinidir. Yəqin elə bu səbəblərdəndir ki, Y.Yusibov rektor təyin olunandan bəri universitetdə vəzifələrə kadrlar bacarığına görə yox, hansısa maraqlara görə gətirilir. Bu barədə də GDU-nun bir qrup müəllimi tərəfindən mətbuata edilən müraciətdə bildirilir. Qeyd edilir ki, əvvəlki rektor Yadigar Əliyevin çıxarılmasında birləşən dəstənin üzvləri vəzifələrə gətirilir, tələbələrdən pul alınması üçün müxtəlif vasitələr tətbiq olunur: “Universitetdə tədris prosesi tamamilə pozulub. Dərs zamanı tələbələr dərsdən ayrılaraq iməciliklərə, muzeylərə aparılır. Dərs başlayan kimi dekan və dekan müavinləri gəlib tələbələri yoxlayır, bunlar otaqdan çıxmamış tyutorlar, ardınca tədris şöbəsinin işçiləri, onun ardınca monitorinq qrupunun üzvləri auditoriyaya girib mənasız yoxlanış aparırlar, dekanların və kafedra müdirlərinin səlahiyyətləri əlindən alınıb. Beləliklə, dərsin yarıdan çox hissəsi yoxlanışlara gedir”.
Müəllimlərin müraciəti ilə tələbəlin AFN-ə ünvanladığı müraciətdə üst-üstə düşən məqam da var: “Tələbələrdən otaqların pəncərələrinə jalüzlər, koridorlara xalçalar alınması üçün pul yığılır. GDU-nun büdcəsində olan pullar isə hara gəldi xərclənir. Kafedralara verilən inventarlar artıq yazılır, bir neçəsi kafedralara veriləndə qalan əksər hissəsi mənimsənilir. Məlum olduğu kimi, Yusif Yusifovun qardaşı Cavanşir Yusifov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edən xidmətin rəisidir. Bu isə o deməkdir ki, Yusif Yusifov maliyyə məsələlərinin təyinatı üzrə xərclənməsində “sərbəstdir””.
Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.