Gözəgörünməz deputatlar silsiləsindən - Seçiciləri Kamran Bayramovu axtarır - ŞİKAYƏT
9-02-2017, 10:18
Şəmkir və Daşkəsən sakinləri hazırda öz deputatlarını – 100 saylı Şəmkir - Daşkəsən seçki dairəsindən millət vəkili seçilmiş Kamran Bayramovu tapa bilməməkdən şikayətlənirlər. Rayon sakinləri Editor.az-a bildiriblər ki, millət vəkilinin təmsil etdiyi rayonlarda bir sıra sosial problemlər var.
“Məsələn, Daşkəsən rayonun əksər yolları indi keçilməz bataqlıqları xatırladır. İşıq və qaz təminatı ilə bağlı bir sıra problemlər var. Bu qəbildən olan çətinliklər Şəmkirdə də yaşanır. Lakin 2015-ci ildən deputat mandatı daşıyan Kamran Bayramov biz sakinlərin problemləri ilə maraqlanmır. Nəinki maraqlanmır, artıq 1 ilə yaxındır bu şəxsin üzünü indiyədək demək olar ki, görməmişik. İndiyədək bir dəfə də olsun seçiciləri ilə görüşməyən millət vəkili problemlərimizlə maraqlanmır, şikayətlərimizi dinləmir. Ona poçt vasitəsilə ünvanlandığımız məktubların çoxu da cavabsız qalıb. Halbuki, Kamran müəllim keçən il seçkiqabağı keçirdiyi azsaylı görüşlərdə yol problemi də daxil olmaqla əksər məsələlərlə şəxsən maraqlanacağını vəd etmişdi”, - sakinlərdən biri deyib.
Editor.az-ın əməkdaşları deputat Kamran Bayramovun ünvanına səslənən ittihamlarla bağlı kiçik bir araşdırma aparıb. Əməkdaşlarımız araşdırma çərçivəsində milət vəkilinin sosial şəbəkələrdəki hesablarını, onun təmsil etdiyi Şəmkir və Daşkəsən rayon İcra Hakimiyyətinin saytlarını nəzərdən keçirib. Araşdırmalar sübut edib ki, həqiqətən deputatın ünvanına səslənən ittihamlar həqiqəti əks etdirir. Sosial şəbəkələr və saytlarda ötən ilin son üç və yeni ilin ilk iki ayını əhatə edən müşahidələrdə deputatın seçiciləri ilə görüşlərini və ya təmsil etdiyi dairədə keçirilən tədbirlərdə iştirakını əks etdirən hər hansı informasiyaya rast gəlinməyib.
Qeyd edək ki, deputat Kamran Bayramov mətbuatın gündəminə bir müddət əvvəl tanınmış jurnalist Azər Həsrətin yazdığı bir yazı ilə gəlmişdi. Həmin yazıda belə qeyd olunurdu:
"... Adı Kamran Bayramovdur. Yəqin ki, mənim oxucuma bu ad heç nə demir. Təbiidir. Çünki bu adda deputatın olduğunu heç mən də bilmirdim. Sadəcə onun təmsil etdiyi dairədə bir yaramazlıq baş verdi, düşündüm ki, bu adam məsələni diqqətə alıb ədalətin bərpasında öz sözünü deyə bilər. Hələlik mahiyyətinə toxunmaq istəmədiyim həmin məsələni bir kənara qoyuram. Düz noyabrın 14-də (yəni 43 gün öncə) bu adama Facebook üzərindən salam verib bir müraciət yazdım. Rica etdim ki, təmsil etdiyi dairədə baş verən bu məsələyə diqqət ayırsın. Aradan bu qədər zaman keçib, adam nəinki məsələylə bağlı reaksiya vermir, üstəlik, ədəb-ərkanla verdiyim salamı belə almağı özünə yaraşdırmayıb.
Araşdırdım. Gənc deyə biləcəyimiz deputatlardandır. 37 yaşı var. Hər hansı ictimai-siyasi fəaliyyətilə seçilməyib, seçilmir də. Yəni parlamentə göydən zənbillə düşmüş deputatlardandır (təəssüf ki, belələri çoxdur orda və heç bir faydalarını da görmür bu millət – A.H.). Anlaşılan, adamın bioqrafiyası çox zəngin deyil. Elə ona görə də Azər Həsrət adlı tanımadığı birsinin salamını almağı belə özünə sığışdırmır…"