İstintaq şöbəsinin rəisi cinayət işinin başlanmasına nəyin səbəb olduğunu bilmir- FOTO

14-02-2017, 08:52           

Fevralın 7-si Qafqaz Xəbər Media Mərkəzində dələduzluqla ittiham olunaraq həbs olunan Rahib və Emin Hüseynovların valideyinlərinin və vəkilləri Sevil Hacıyevanın bir sıra bəyanatlar verdiyi mətbuat konfransı keçirilib. Onların bəyanatlarına əsasən, Tovuz rayon icra hakimiyyəti başçısının oğlu, polis mayoru Qoşqar Zeynalovun ərizəsi əsasında ona məxsus olan 7 milyon ABŞ dollarını hiylə ilə mənimsəməkdə ittiham etdiyi Rahib və Emin Hüseynovlara qarşı cinayət işi açılıb. Mətbuat konfransında iştirak edən, Qoşqar Zeynalovun vəkili Elmar Hüseynzadə bu bəyanatları təkzib edib. Elmar Hüseynzadənin sözlərinə görə cinayət işi Qoşqar Zeynalovun şikayəti əsasında yox, tamamilə başqa şəxsin ərizəsi əsasında açılıb .
“Ərizə Binəqədi rayon Polis İdarəsinə verilib. Deyəsən, o adamın adı Tural Hüseynovdur. Məsələ mürəkkəb olduğundan, onun istintaqı Daxili İşlər Nazirliyinə verilib”, – deyə mətbuat konfransında iştirak edən, Qoşqar Zeynalovun vəkili Elmar Hüseynzadə bildirib. Vəkilin fikrincə mətbuat konfransında Qoşqar Zeynalov, Tofiq Zeynalov və Ramiz Zeynalovun adlarının çəkilməsini onlara qarşı təzyiq kimi qiymətləndirmək olar. Biz qərara gəldik ki, vəkil Elmar Hüseynzadənin dediklərinin həqiqətə uyğun olub-olmadığını yoxlayaq. Bu məqsədlə biz Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Həsrət Aslanova müraciət etdik. “Binəqədi rayon polis idarəsində Tural Hüseynovun şikayəti əsasında cinayət işi qaldırılıb? Və siz, bu şikayət əsasında cinayət işi qaldırmısınızmı?”, – LEGION-un jurnalisti soruşdu. “Mən bu barədə heç nə deyə bilmərəm”, – Həsrət Aslanov Legion İnformasiya Agentliyinə bildirdi.

“Bəs kim deyə bilər?”, – jurnalistimiz soruşdu. “Yalnız Daxili İşlər Nazirliyinin mətbuat xidməti. Biz onlara bütün cinayət xarakterli məlumatları çatdırırıq”, – Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi bildirib. “2017-ci il fevralın 7-də mətbuat konfransı keçirilib, orada vəkil Elmar Hüseynzadə bildirib ki, Binəqədi rayon polis idarəsində Tural Hüseynovun şikayəti əsasında Rahib və Emin Hüseynovlar barəsində cinayət işi açılıb. Bu, həqiqətə uyğundurmu?”, – jurnalistimiz soruşdu. “Yox. Bilmirəm”, – Həsrət Aslanov cavab verdi. “Həqiqətə uyğun deyil, yoxsa siz bilmirsiniz?”, – jurnalistimiz soruşdu.
“Bilmirəm”, – istintaq şöbəsinin rəisi dedi və dəstəyi asdı. Biz həmçinin Hüseynov qardaşları barəsində başlanmış cinayət işinin istintaqını aparan, Daxili İşlər Nazirliyinin müstəntiqi Teymur Ağamirovun fikirlərini də öyrənməyə çalışdıq, amma təəssüf ki, o, suallarımıza cavab verməkdən imtina etdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.